Vyanada keçirilən ATƏT Nazirlər Şurasının 32-ci toplantısı təşkilatın qarşılaşdığı siyasi böhran, Helsinki prinsiplərinə əməl olunması və regional təhlükəsizlik məsələləri fonunda davam edir. Toplantıda çıxış edən nazirlər ATƏT-in gələcəyi, Ukraynanın suverenliyi, büdcə məsələləri və Cənubi Qafqazda sülh prosesinin əhəmiyyəti barədə fikirlər səsləndiriblər. Xüsusilə Lüksemburqun xarici işlər naziri Bakı–İrəvan danışıqlarına dəstək verdiyini vurğulayıb.
Hazırda Vyanada olan hüquq müdafiəçisi Əhməd Şahidov Baku TV-yə açıqlamasında bildirib ki, iclasın ümumi ab-havasında təşkilatın böhrandan çıxması və sülh gündəminin qorunması əsas prioritet kimi önə çəkilir. O qeyd edib ki, Azərbaycan–Ermənistan sülh danışıqlarına beynəlxalq platformalarda verilən dəstək regionda davamlı sabitliyin formalaşması baxımından müsbət siqnaldır və bu istiqamətdə siyasi iradə nümayiş etdirilməsi xüsusi əhəmiyyət daşıyır.
Əhməd Şahidov əlavə edib ki, bu gün səslənən fikirlər ATƏT-in yenilənmiş əməkdaşlıq formatına ehtiyac duyduğunu bir daha ortaya qoyur. Onun sözlərinə görə, Cənubi Qafqazda sülhün təmin olunması təkcə region ölkələrinin deyil, Avropanın ümumi təhlükəsizlik arxitekturasının da vacib tərkib hissəsidir.

