Əhməd Şahidov ATƏT Nazirlər Şurasının Vyana toplantısı barədə Avstriyadan Baku TV’yə danışıb

Avstriyanın paytaxtı Vyanada bu gün keçirilən ATƏT Nazirlər Şurasının iclası təşkilatın son illərdə üzləşdiyi ən ciddi siyasi böhran fonunda baş tutur. 57 ölkənin xarici işlər nazirlərinin iştirak etdiyi toplantıda ATƏT-in institusional gələcəyi, təhlükəsizlik arxitekturasında yaranan parçalanma və qurumun fəaliyyətinin iflic vəziyyətindən çıxarılması əsas müzakirə mövzularıdır.

Hazırda Vyanada səfərdə olan və ATƏT Nazirlər Şurasının iclasını yaxından izləyən hüquq müdafiəçisi Əhməd Şahidov Baku TV’yə açıqlamasında bildirib ki, Vyana toplantısı sadəcə illik siyasi görüş deyil, ATƏT-in mövcudluğunun davam edib-etməyəcəyi ilə bağlı taleyüklü mərhələdir: “İl boyunca büdcənin təsdiqlənməməsi, missiyaların fəaliyyətinin məhdudlaşdırılması və konsensus mexanizminin bloklanması ATƏT-i faktiki olaraq işlək olmayan quruma çevirib. Bu səbəbdən Vyanada əsas müzakirə dialoqun bərpası və təşkilatın gələcək mandatının müəyyən edilməsidir”.

Əhməd Şahidov qeyd edib ki, Avropa mediası toplantını “ATƏT-in gələcəyinə sınaq” kimi təqdim edir və əsas diqqət Ukrayna-Rusiya müharibəsinin diplomatik təsirlərinə yönəlib: “Rəsmi gündəlikdə ayrıca ‘Ukrayna’ bəndi olmasa da, bütün qapalı görüşlərin ana xəttini məhz bu münaqişə təşkil edir. Ukraynadakı humanitar vəziyyət, sərhəd təhlükəsizliyi və Rusiyanın yeni şərtləri barədə ciddi müzakirələrin aparılması gözlənilir. ATƏT-in mövcud formatı Ukrayna kimi böhranlara adekvat reaksiya verə bilmir və bu, təşkilatın gələcək roluna dair sualları daha da artırır”.

Onun sözlərinə görə, Vyana görüşü real nəticələr və ya böyük razılaşmalar vəd etmir, lakin dialoqun davam etməsi belə geosiyasi gərginlik fonunda əhəmiyyətli hadisə sayılır.