Belçikanın xarici işlər naziri Maksim Prevonun Rusiyanın Ukraynada mülki obyektlərə və diplomatik missiyalara zərbə endirdiyini bəyan etməsi Moskvada sərt etirazla qarşılanıb. Rusiya səfirliyi Belçikanın ittihamlarını “əsassız” adlandırıb və Azərbaycanın Kiyevdəki səfirliyinə dəyən zərbənin “Rusiyanın raket hücumu ilə əlaqələndirilməsinin tələsik nəticə” olduğunu bildirib. Hadisə Avropa–Rusiya münasibətlərində gərgin fonu daha da gücləndirib.
Mövzunu ARB24 Televiziyasına şərh edən hüquq müdafiəçisi Əhməd Şahidov qeyd edib ki, diplomatik missiyaların toxunulmazlığı beynəlxalq hüququn dəyişməz prinsipidir və hər hansı zərər – səbəbindən asılı olmayaraq – ciddi hüquqi məsələ yaradır. Onun sözlərinə görə, Belçikanın mövqeyi Avropanın ümumi siyasi xəttinə uyğun olsa da, Moskvanın reaksiyası da proqnozlaşdırılan idi. Bu hadisə bir daha göstərir ki, hazırda Avropa və Rusiya arasında intensiv informasiya müharibəsi gedir və tərəflər eyni faktı fərqli şəkildə təqdim etməyə çalışırlar.
Əhməd Şahidov vurğulayıb ki, Azərbaycan üçün əsas məsələlər siyasi bəyanatlar yox, faktın obyektiv araşdırılması, diplomatik nümayəndəliyə dəyən zərərin dəqiq səbəbinin müəyyənləşdirilməsi və Azərbaycan dövlətinə vurulan ziyanın tam ödənilməsidir. O bildirib ki, müharibə zonasında diplomatik missiyaların təhlükəsizliyi xüsusi təminat tələb edir və bu kimi insidentlər beynəlxalq səviyyədə daha ciddi mexanizmlərin formalaşdırılmasını zəruri edir.




