Bu gün ARB24 Televiziyasının “İşgüzar Səhər” proqramının qonağı siyasi şərhçi Əhməd Şahidov olub. Verilişdə yaxın günlərdə – 8 Noyabr Zəfər Günündə Bakıda keçiriləcək Zəfər Paradı, Azərbaycan, Türkiyə və Pakistan liderlərinin iştirakı ilə üç qardaş ölkənin birliyinin dünyaya verəcəyi mesajlar müzakirə olunub. Əhməd Şahidov bildirib ki, bu birlik həm simvolik, həm də strateji əhəmiyyət daşıyır və regionda yeni siyasi-mənəvi çağırışlara cavab vermək baxımından vacibdir.
Söhbət zamanı Ermənistan daxilində yaranmış gərgin siyasi vəziyyət də diqqət mərkəzində olub. Əhməd Şahidov qeyd edib ki, baş nazir Nikol Paşinyanın erməni kilsəsinə qarşı təzyiqləri və daxili müxalifətə qarşı sərt addımları ölkədə sosial-siyasi qarşıdurmanı daha da dərinləşdirib. Onun sözlərinə görə, müstəqil institutların zəiflədilməsi və daxili qarşıdurma regional sabitliyə mənfi təsir göstərə bilər və qonşu ölkələrin diqqətini bu problemə yönəldir.
Verilişdə həmçinin Yaxın Şərqdə son sülh təşəbbüsləri və Qəzzada planlaşdırılan beynəlxalq stabilləşdirmə qüvvələri müzakirə olunub. Son məlumata görə, ABŞ-ın təşəbbüsü ilə hazırlanmış sülh planında bir sıra ölkələr – o cümlədən İndoneziya, Pakistan və Azərbaycan kimi namizədlərin Qəzzaya kontingent göndərməsi barədə danışıqlar aparılır. Əhməd Şahidov bildirib ki, Azərbaycan bu cür missiyalarda humanitar və təhlükəsizlik sahəsində dəstək verə bilər, amma hər hansı hərbi göndərişin Bakı tərəfindən yalnız BMT Təhlükəsizlik Şurası tərəfindən veriləcək mandat əsasında və beynəlxalq hüquqa uyğun həyata keçiriləcəyini vurğulayıb. Məsələnin məzmunu və qatılan ölkələrin dəqiqləşdirilməsi üzrə danışıqlar hələ davam edir və rəsmi qərar verilməmişdir.






