“Azərbaycan Yaxın Şərqdə sülhün və beynəlxalq ədalətin tərəfindədir” – Əhməd Şahidov REAL Televiziyasına danışıb

REAL Televiziyasının “Birinci Xəbər” proqramında qonaq olan hüquq müdafiəçisi Əhməd Şahidov Yaxın Şərqdə sülh prosesinin gedişi, atəşkəsin taleyi və beynəlxalq missiyanın yaradılması perspektivləri barədə fikirlərini bölüşüb. O bildirib ki, bölgədə müvəqqəti sakitlik yaranmasına baxmayaraq, atəşkəs çox kövrəkdir və tərəflər arasında etimad hələ tam bərpa olunmayıb. Əhməd Şahidov vurğulayıb ki, ABŞ vasitəçiliyi ilə əldə edilən razılaşma sülh istiqamətində mühüm addımdır, lakin İsrail və HƏMAS arasında əsaslı fikir ayrılıqları qalmaqdadır.

Müsahibəsində Əhməd Şahidov Azərbaycanın bu münaqişəyə münasibətindən danışaraq qeyd edib ki, Bakı hər zaman beynəlxalq hüququn prinsiplərinə sadiq qalıb. Onun sözlərinə görə, Azərbaycan həm İsraillə strateji tərəfdaşlıq münasibətlərini qoruyur, həm də Fələstin xalqının dövlət kimi tanınması hüququna hörmətlə yanaşır. “Azərbaycan iki dövlətli həll modelini və 1967 sərhədləri əsasında paytaxtı Şərqi Qüds olan müstəqil Fələstin dövlətinin yaradılmasını dəstəkləyir. Əgər beynəlxalq humanitar missiya formalaşarsa, ölkəmiz yalnız BMT mandatı və humanitar məqsədlər çərçivəsində orada iştirak edə bilər,” – deyə Əhməd Şahidov bildirib.

Hüquq müdafiəçisi Əhməd Şahidov həmçinin İsrailin Qəzzadakı hərbi əməliyyatlarının yaratdığı humanitar fəlakətdən və “İbrahim razılaşmaları”na qoşulma ehtimalının mümkün nəticələrindən danışıb. O qeyd edib ki, İsrailin əməliyyatları nəticəsində minlərlə dinc sakin həyatını itirib və bu, beynəlxalq hüquq baxımından açıq şəkildə hərbi cinayət əlamətləri daşıyır. “Azərbaycanın mövqeyi birmənalıdır – biz hər zaman sülhün, ədalətin və insan haqlarının tərəfindəyik. “İbrahim razılaşmaları”na qoşulmaq diplomatik imkanlar yaratsa da, bu addım həm də balans və reputasiya risklərini özündə daşıyır,” – deyə Əhməd Şahidov vurğulayıb.