Cənubi Qafqazda yeni diplomatik mərhələ formalaşır. ABŞ hökuməti ilin sonunadək həm Azərbaycan, həm də Ermənistanla Strateji İşçi Qruplarının yaradılmasını planlaşdırır. Bu təşəbbüs iki ölkə ilə paralel əməkdaşlıq mexanizminin qurulması və regionda sabitliyin təmin olunması baxımından mühüm addım hesab olunur. ABŞ-ın regional fəallaşması Vaşinqtonun Cənubi Qafqazda uzunmüddətli sülh və iqtisadi inteqrasiyaya yönəlik siyasətini nümayiş etdirir.
ARB24 Televiziyasına açıqlamasında siyasi şərhçi Əhməd Şahidov bildirib ki, ABŞ-Azərbaycan və ABŞ-Ermənistan Strateji İşçi Qruplarının yaradılması regionda balanslaşdırılmış əməkdaşlıq modelinin əsasını qoyur. Onun sözlərinə görə, bu təşəbbüs həm Bakı ilə İrəvan arasında aparılan sülh danışıqlarına, həm də ümumilikdə təhlükəsizlik və iqtisadi əlaqələrin dərinləşməsinə töhfə verəcək. Əhməd Şahidov vurğulayıb ki, Ermənistan daxilində kilsə ilə hökumət arasında artan qarşıdurmaya baxmayaraq, Paşinyan hökuməti ABŞ vasitəçiliyi ilə sülh kursunu qorumağa çalışır və Azərbaycanın konstruktiv mövqeyi bu prosesi dəstəkləyir.
Ekspert qeyd edib ki, regionun gələcəyi məhz bu strateji əməkdaşlıqların uğurlu icrasından asılı olacaq. Onun fikrincə, ABŞ-ın diplomatik fəallığı və Azərbaycanın sabitlik yönümlü siyasəti nəticəsində Cənubi Qafqazda yeni əməkdaşlıq mühiti formalaşır. Əhməd Şahidov hesab edir ki, Ermənistan da bu inteqrasiya prosesinə səmimi şəkildə qoşularsa, regionda uzunmüddətli sülh və inkişaf reallığa çevrilə bilər.






