Ermənistanda son aylarda Paşinyan hökuməti ilə Ermənistan Apostol Kilsəsi arasında qarşıdurma dərinləşib. Kilsə rəhbərliyinin siyasi iddialarla çıxış etməsi və dövlət işlərinə təsir göstərmək cəhdləri hökumətin sərt reaksiyasına səbəb olub. Bir neçə ruhaniyə qarşı başlanmış istintaq bu mübarizəni daha da qızışdırıb və ölkədə cəmiyyətin iki hissəyə bölünməsinə gətirib çıxarıb.
Baku TV-yə açıqlamasında hüquq müdafiəçisi Əhməd Şahidov bildirib ki, Paşinyan hökuməti kilsənin siyasi alətə çevrilməsinə imkan vermir və bu, Ermənistanı köhnə təsirlərdən uzaqlaşdırmaq cəhdi kimi qiymətləndirilə bilər. Onun sözlərinə görə, hazırda Paşinyan daxili təzyiqlərə baxmayaraq ABŞ vasitəçiliyi ilə Azərbaycanla sülh prosesini davam etdirməyə çalışır.
Əhməd Şahidov qeyd edib ki, Ermənistanın gələcəyi bu iki xəttin toqquşmasından asılı olacaq: dini dairələrin təxribatçı mövqeyi və hökumətin sülh yönümlü siyasəti. Hüquq müdafiəçisinin fikrincə, ABŞ-ın regionda fəallaşması və Azərbaycanın konstruktiv mövqeyi fonunda Ermənistan yalnız sülh və əməkdaşlıq yolunu seçərsə, sabitlik və inkişaf əldə edə bilər.

