Son günlər Rusiyanın enerji infrastrukturuna yönələn hücumlar beynəlxalq gündəmin əsas mövzularından birinə çevrilib. Analitiklərin fikrincə, bu prosesin davam etməsi yanacaq qıtlığının dərinləşməsinə, hətta böyük şəhərlərdə ciddi problemlərin yaranmasına səbəb ola bilər. Belə bir vəziyyət isə cəmiyyətdə narazılığın artmasına və müharibənin dayanmasına dair ümumi tələb formalaşmasına gətirib çıxara bilər. Paralel olaraq, Qərbin Ukraynaya dəstəyini artırması, xüsusilə də enerji infrastrukturlarının hədəfə alınması üçün kəşfiyyat məlumatlarının paylaşılması ehtimalı da gündəmdədir.
Mövzunu ARB24 kanalına şərh edən siyasi şərhçi Əhməd Şahidov bildirib ki, bu məsələ sadəcə hərbi taktika deyil, həm də siyasi mesaj xarakteri daşıyır: “Enerji resurslarına qarşı hücumlar Rusiyada daxili hesablaşmanı gücləndirə, yanacaq qıtlığı fonunda böyük şəhərlərdə əhalinin narazılığını artıra bilər. Bu, müharibənin gedişatını dəyişə biləcək ciddi amildir. Eyni zamanda ABŞ və Qərb bu yolla Moskvaya mesaj göndərir ki, yaxın vaxtlarda danışıqlar masasına oturmaq məcburiyyətində qala bilər. Əgər Rusiya hərbi əməliyyatları davam etdirsə, ABŞ silahlarının Ukrayna tərəfindən Rusiyanın dərinliklərində enerji obyektlərinə qarşı istifadəsi gündəmə gələ bilər. Bu isə həm daxildə, həm də beynəlxalq müstəvidə mühüm dəyişikliklər yarada bilər.”
Şahidovun sözlərinə görə, enerji infrastrukturlarına zərbələr sadəcə hərbi əməliyyat deyil, həm də Rusiyanı siyasi qərar verməyə vadar etmək üçün istifadə olunan vasitədir.

