Kopenhagendə Avropa Siyasi Birliyinin yeddinci sammiti keçirilir. Toplantıda Avropa qitəsinin təhlükəsizlik gündəliyi, Ukraynaya dəstəyin davam etdirilməsi, Rusiyanın artan təxribatları, hibrid müharibə metodları, eləcə də enerji və iqtisadi təhlükəsizlik məsələləri müzakirə olunur. Avropa liderləri bu dəfə yalnız müharibə meydanındakı vəziyyətlə kifayətlənməyərək, qitənin ümumi sabitliyi və gələcək təhlükəsizlik arxitekturası üzərində dayanırlar. Xüsusilə Rusiyanın Avropadakı dezinformasiya kampaniyaları, kiberhücumlar və dron təxribatları ciddi narahatlıq doğurur. Sammitdə Azərbaycanın Prezidenti İlham Əliyevin iştirakı isə xüsusi diqqət çəkir. Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm tərəfdaş kimi çıxış edir və Cənubi Qafqazda sülhün təşəbbüskarı rolunu oynayır.
Mövzu ilə bağlı ARB24 Televiziyasının “İşgüzar Səhər” proqramının qonağı olan siyasi şərhçi Əhməd Şahidov bildirib ki, Kopenhagendə keçirilən görüş Avropanın gələcək geosiyasi düzəninin formalaşmasında əhəmiyyətli rol oynayacaq: “Bu sammitdə Ukraynaya dəstək məsələsi ön plandadır. Amma diqqətçəkən məqam odur ki, artıq Avropa liderləri təhlükəsizliyi yalnız hərbi aspektdə deyil, həm də iqtisadi, enerji və informasiya müstəvisində dəyərləndirirlər. Bu isə Avropanın yeni təhlükəsizlik modelindən xəbər verir.”
Əhməd Şahidov qeyd edib ki, Prezident İlham Əliyevin tədbirdə iştirakı Azərbaycanın Avropada artan rolunun göstəricisidir: “Azərbaycan həm enerji sahəsində, həm də regional sabitlik məsələsində Avropanın mühüm tərəfdaşıdır. Qarabağdan sonrakı sülh prosesi və yeni enerji layihələri Azərbaycanın strateji əhəmiyyətini daha da artırır.”
Siyasi şərhçi əlavə edib ki, Rusiyanın Avropada apardığı hibrid müharibə metodları – kiberhücumlar, informasiya manipulyasiyası və enerji təzyiqləri – liderlər tərəfindən ciddi təhdid kimi dəyərləndirilir: “Avropa dövlətləri başa düşürlər ki, sabitlik yalnız sərhəd müdafiəsi ilə ölçülmür. İnformasiya məkanı, iqtisadi təhlükəsizlik və enerji müstəqilliyi də təhlükəsizliyin ayrılmaz hissəsidir.”
Onun sözlərinə görə, bu sammit Azərbaycanın da beynəlxalq platformalarda mövqeyini möhkəmləndirir və Bakı üçün yeni imkanlar açır.




