ABŞ-da federal hökumət oktyabrın 1-dən etibarən rəsmi olaraq fəaliyyətini dayandırıb. “Shutdown” adlanan bu proses, 2026-cı maliyyə ili üçün büdcə layihəsinin Konqresdə qəbul edilməməsi ilə bağlıdır.
Respublikaçılar və Demokratlar arasında kompromis əldə olunmaması nəticəsində hökumətin qeyri-zəruri funksiyaları dondurulub, yüz minlərlə federal işçi məcburi məzuniyyətə göndərilib, sosial proqramların icrası və bəzi dövlət xidmətləri dayandırılıb. ABŞ iqtisadiyyatına hər həftə milyardlarla dollar zərər vuracağı proqnozlaşdırılan bu böhran həm də ictimai etimadın zəifləməsinə səbəb olur.
Məsələ ilə bağlı siyasi şərhçi Əhməd Şahidov Baku TV-yə açıqlamasında bildirib ki, bu dəfəki “shutdown” sırf texniki büdcə problemi yox, dərin siyasi qarşıdurmanın təzahürüdür: “Respublikaçılarla Demokratlar arasında dialoq imkanları daralıb. Bu isə hökumətin idarəçiliyini iflic vəziyyətə salır. Əhalinin gündəlik həyatına təsir edən sosial proqramlar, federal işçilərin maaşları, tədqiqatların və layihələrin dayanması birbaşa olaraq kompromisin olmamasının nəticəsidir. Uzun müddətli davam edərsə, həm ABŞ iqtisadiyyatı, həm də beynəlxalq nüfuz ciddi zərbə alacaq.”
Əhməd Şahidov həmçinin qeyd edib ki, Prezident Donald Tramp bu prosesi siyasi güc nümayişinə çevirərək öz bazasını möhkəmləndirməyə çalışır: “Tramp administrasiyası sərt addımlarla bürokratiyanı sarsıtmaq, bəzi sosial proqramları ləğv etmək, hətta federal gücləri şəhərlərə yerləşdirmək planlarını irəli sürür. Bu yanaşma bir tərəfdən onun elektoratına mesajdır, digər tərəfdən isə demokratik institutlarla münasibətləri daha da gərginləşdirir. ABŞ-ın qarşıdakı aylarda bu siyasi böhrandan necə çıxacağı, onun həm daxili sabitliyi, həm də beynəlxalq imici üçün həlledici olacaq.”

