İranın yeni yeraltı nüvə obyekti iddiaları nə dərəcədə doğrudur?! – Əhməd Şahidov ARB24 Televiziyasına açıqlama verib

ABŞ və İsrailin iyun ayında İranın nüvə infrastrukturuna qarşı həyata keçirdiyi hava zərbələrindən sonra Tehranın Natanz şəhəri yaxınlığında yeni yeraltı nüvə kompleksi inşa etməsi barədə iddialar beynəlxalq gündəmin əsas mövzularından birinə çevrilib. Xarici media orqanlarının yaydığı peyk təsvirlərinə görə, “Pickaxe Mountain” adlanan ərazidə intensiv qazıntı və möhkəmləndirmə işləri aparılır. Bildirilir ki, həmin obyekt Fordo nüvə mərkəzindən də dərin yerləşir və hava zərbələrinə qarşı daha dayanıqlı ola bilər.

Mövzu ilə bağlı ARB24 Televiziyasına açıqlama verən siyasi şərhçi Əhməd Şahidov bildirib ki, bu iddialar təsadüfi deyil və müəyyən əsaslara söykənir: “İranın belə bir riskə gedərək yeni obyektlər inşa etməsi mümkündür. Çünki iyun zərbələrindən sonra Tehran açıq şəkildə nüvə proqramını qorumaq və gələcəkdə də davam etdirmək niyyətində olduğunu göstərir. Lakin diqqətçəkən məqam odur ki, bu obyektin konkret olaraq zənginləşdirmə üçün nəzərdə tutulub-tutulmadığı hələlik rəsmi şəkildə təsdiqlənməyib. IAEA-nın oraya çıxışının olmaması isə iddiaları daha da gücləndirir.”

Əhməd Şahidov əlavə edib ki, belə obyektlərin tikintisi İranın Qərbə qarşı siyasi təzyiq aləti kimi də dəyərləndirilə bilər: “Tehran göstərmək istəyir ki, nə qədər hücumlar olsa da, nüvə potensialını qorumağa qadirdir. Bu həm də danışıqlarda əlini gücləndirmək üçün bir vasitədir. Amma əgər həmin obyekt həqiqətən də zənginləşdirmə məqsədilə istifadə olunarsa, bu, regionda yeni böhran mərhələsinə gətirib çıxara bilər.”

Siyasi şərhçi hesab edir ki, mövcud vəziyyət həm texniki, həm də diplomatik baxımdan ciddi risklər yaradır. Onun sözlərinə görə, yeni obyektin dərinliyi ABŞ və İsrailin hərbi imkanlarını çətinləşdirə, şəffaflığın olmaması isə beynəlxalq hüquqi mübahisələri daha da kəskinləşdirə bilər.