Bu gün — 27 Sentyabr Anım Günündə ARB24 Televiziyasının “Gündəm” verilişində Azərbaycanın 44 günlük İkinci Qarabağ Müharibəsi zamanı həyata keçirdiyi hərbi əməliyyatlar, diplomatik müstəvidə fəaliyyəti, dünya mediasında aparılan təbliğat işləri və müharibədən sonrakı sülh prosesi geniş müzakirə olunub. Proqramda həmçinin 8 avqustda Ağ Evdə keçirilən sülh sammiti də diqqət mərkəzində olub.
Verilişin qonağı, siyasi şərhçi Əhməd Şahidov çıxışında bildirib ki, Azərbaycanın haqq mübarizəsi təkcə döyüş meydanında deyil, diplomatik masada və beynəlxalq informasiya müstəvisində də aparılıb. Onun sözlərinə görə, məhz bu çoxşaxəli mübarizə nəticəsində Azərbaycan qısa müddətdə öz ərazi bütövlüyünü bərpa edib və dünya Azərbaycanın yaratdığı yeni geosiyasi reallığı qəbul etmək məcburiyyətində qalıb.
Əhməd Şahidov xüsusilə Prezident İlham Əliyevin fəaliyyətini vurğulayaraq qeyd edib ki, dövlət başçısı həm ölkə rəhbəri, həm Ali Baş Komandan, həm də uzaqgörən siyasətçi kimi hərbi əməliyyatlara şəxsən rəhbərlik edib: “Prezident İlham Əliyevin qətiyyətli qərarları və dünya mediasına verdiyi çoxsaylı müsahibələr Azərbaycanın haqq səsini bütün dünyaya çatdırdı. Bu, tarixi qələbəmizin həm ideoloji, həm də diplomatik təməlini möhkəmləndirdi.”






