İran hökumətinin sözçüsü Fatimə Mohacerani açıqlayıb ki, ölkədə 60 faiz zənginləşdirilmiş uran ehtiyatı yerin altında saxlanılır və Avropaya “tətik mexanizmini işə salmayın” çağırışı ünvanlanıb. Əks halda, Tehran Nüvə Yayılmaması Müqaviləsindən (NPT) çıxmaq variantını gündəmə gətirə bilər. Bu bəyanat beynəlxalq aləmdə yeni gərginliklər doğurub.
Məsələ ilə bağlı danışan siyasi şərhçi Əhməd Şahidov bildirib ki, Tehranın bu mövqeyi açıq diplomatik xəbərdarlıqdır: “İran Avropaya göstərir ki, əgər sanksiyaların avtomatik bərpası proseduru işə düşsə, diplomatik masada danışıq imkanları aradan qalxacaq. Bu, Avropanı seçim qarşısında qoymaqdır – ya diplomatiya davam etməlidir, ya da qarşıdurma daha da dərinləşəcək. Tehran bu açıqlamalarla daha çox psixoloji təzyiq göstərməyə çalışır.”
Əhməd Şahidov qeyd edib ki, İranın NPT-dən çıxması real addım kimi görünmür, çünki belə bir qərar ölkəni həm beynəlxalq təcridə sürükləyər, həm də yeni sanksiyalarla üz-üzə qoya bilər: “Hazırda bu variant daha çox siyasi manevr və təhdid diplomatiyası kimi istifadə olunur. Lakin əgər Avropa mexanizmi işə salsa, İran daxilində sərt xətt tərəfdarlarının mövqeyi güclənə və bu ehtimal real gündəmə daşına bilər.”

