BMT Baş Assambleyasının 80-ci sessiyasında Azərbaycan Prezidenti İlham Əliyevin 25 sentyabrda Nyu-Yorkda etdiyi çıxış ölkə ictimaiyyətində və beynəlxalq aləmdə geniş rezonans doğurub. Dövlət başçısı 44 günlük Vətən müharibəsindən sonra ali tribunadan ilk dəfə çıxış edərək həm müharibədə, həm də sülh prosesində Azərbaycanın qazandığı qələbəni dünyaya bəyan edib. Prezident İlham Əliyev Azərbaycanın beynəlxalq hüquqa uyğun olaraq ərazi bütövlüyünü bərpa etdiyini, sülh gündəliyi ilə yeni bir mərhələyə qədəm qoyduğunu və bu təcrübəni dünya ilə paylaşmağa hazır olduğunu bildirib.
REAL Televiziyasının “Real İntervyu” proqramına müsahibə verən siyasi şərhçi Əhməd Şahidov çıxışın tarixi əhəmiyyətini vurğulayıb. Onun sözlərinə görə, dövlət başçısının BMT tribunasından səsləndirdiyi mesajlar Azərbaycanın beynəlxalq müstəvidə mövqelərini möhkəmləndirməklə yanaşı, regionda dayanıqlı sülhün qurulmasına xidmət edir. “Prezident İlham Əliyev bir daha göstərdi ki, Azərbaycan yalnız döyüş meydanında deyil, diplomatiya masasında da qalibdir,” – deyə Əhməd Şahidov qeyd edib.
Siyasi şərhçi bildirib ki, çıxışda postmünaqişə dövrünün əsas prioritetlərinə xüsusi yer ayrılıb: “Azad edilmiş ərazilərin bərpası, məcburi köçkünlərin geri qayıdışı, minaların yaratdığı təhlükənin aradan qaldırılması və itkin düşmüş soydaşlarımızın taleyinə aydınlıq gətirilməsi – bütün bunlar Azərbaycanın əsas hədəfləridir. Prezidentin bu məsələləri BMT tribunasından qaldırması həm də beynəlxalq ictimaiyyətin diqqətini real problemlərə yönəltmək deməkdir.”
Əhməd Şahidov əlavə edib ki, çıxışda Azərbaycan-ABŞ münasibətlərinə də önəmli mesajlar verildi. O xatırladıb ki, Vaşinqtonda əldə olunan razılaşmalar və “Tramp Marşrutu” regional inteqrasiyanın yeni imkanlarını açır: “Prezidentin ABŞ-a səfəri və BMT-dəki nitqi Azərbaycanın həm bölgədə, həm də qlobal miqyasda sülh yaradan güc olduğunu təsdiqlədi.”






