Ermənistanda daxili siyasi vəziyyət Cənubi Qafqazda sülh prosesinə əngəl ola bilərmi? – Əhməd Şahidov ARB24 kanalına şərh edir

Ermənistanda qarşıdan gələn parlament seçkiləri ilə bağlı siyasi mühit getdikcə gərginləşir. 2026-cı ilin iyununda keçiriləcək seçkilər öncəsi revanşist qüvvələrin fəallaşması və hakimiyyətə təzyiqlərin artması ölkənin daxili sabitliyi ilə yanaşı, regiondakı sülh prosesinə də təsir göstərə bilər. Bu səbəbdən seçkilərin asan keçməyəcəyi, müxtəlif siyasi qarşıdurmaların gündəmə gələcəyi ehtimal olunur.

Mövzu ilə bağlı ARB24 Televiziyasının “İşgüzar Səhər” proqramında geniş müzakirə aparılıb. Verilişin qonağı olan hüquq müdafiəçisi və siyasi şərhçi Əhməd Şahidov bildirib ki, Ermənistanda qarşıdakı seçkilər ölkə üçün mühüm sınaq olacaq: “Seçkilər asan olmayacaq və daxildə gərginliklərin artması mümkündür. Bu isə Azərbaycan-Ermənistan sülh prosesinə də müəyyən təsirlər göstərə bilər.”

Əhməd Şahidov əlavə edib ki, prosesin uzanması və ya təxirə düşməsi ehtimalı olsa da, Azərbaycanın prinsipial mövqeyi və beynəlxalq dəstək fonunda sülh gündəliyinin davamlı olaraq gündəmdə qalacağı gözlənilir.

Mövzu ilə bağlı sualları cavablandıran Əhməd Şahidov vurğulayıb ki, qarşıdakı aylar həm Ermənistanın siyasi gələcəyi, həm də Cənubi Qafqazda sabitliyin təmin olunması baxımından həlledici olacaq.