Azərbaycanın qlobal gündəmdə rolu artır – Əhməd Şahidov BMT Baş Assambleyasının 80-ci sessiyasını Baku TV`də şərh edib

Nyu Yorkda keçirilən BMT Baş Assambleyasının 80-ci sessiyası dünya gündəminin ən mühüm hadisələrindən biri olub. “Better together: 80 years and more for peace, development and human rights” mövzusu altında təşkil olunan sessiyada beynəlxalq təhlükəsizlik, enerji böhranı, iqlim dəyişiklikləri və humanitar problemlər əsas müzakirə mövzuları sırasında yer alır.

Azərbaycan Prezidenti İlham Əliyev də tədbirdə iştirak edir, mühüm ikitərəfli görüşlər keçirir və yaxın günlərdə BMT tribunasından çıxış edəcək. Dövlət başçısının çıxışında Qarabağdan sonrakı yeni reallıqlar, Ermənistanla sülh prosesi, Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolu və beynəlxalq hüquqa sadiqlik kimi məsələlərin ön plana çıxacağı gözlənilir.

Mövzunu Baku TV-yə şərh edən hüquq müdafiəçisi Əhməd Şahidov bildirib ki, Azərbaycanın BMT tribunasındakı mövqeyi bu gün yalnız regional deyil, həm də qlobal səviyyədə diqqət çəkir: “Prezident İlham Əliyevin Nyu Yorkdakı çıxışı həm Azərbaycanın Qarabağ üzərində tam suverenliyini dünyaya nümayiş etdirmək, həm də Ermənistanla yekun sülh sazişi üçün beynəlxalq dəstək toplamaq baxımından mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda enerji və yaşıl diplomatiya gündəmi ilə Azərbaycan Avropanın etibarlı tərəfdaşı kimi çıxış edir. Bu sessiya Bakının balanslı və prinsipial xarici siyasətini bir daha təsdiqləyəcək.”

Əhməd Şahidov əlavə edib ki, Azərbaycanın beynəlxalq hüquqa söykənən mövqeyi və humanitar məsələlərdə ədalətli yanaşması ölkəmizi qlobal proseslərin etibarlı iştirakçısına çevirir.