ABŞ Nümayəndələr Palatasının Xarici İşlər Komitəsi Dövlət Departamentinin yenidən səlahiyyətləndirilməsi prosesi çərçivəsində nəzərdən keçirilən iki düzəlişi rədd edib. Hər iki düzəliş açıq şəkildə anti-Azərbaycan xarakterli olub və uzun müddətdir Kaliforniyadan olan demokrat konqresmen Bred Şerman tərəfindən irəli sürülürdü. Birinci düzəliş ABŞ Beynəlxalq İnkişaf Maliyyələşdirmə Korporasiyasına Azərbaycandakı layihələrə dəstək verməyi qadağan etməyi, ikinci düzəliş isə ABŞ Prezidentinin “Azadlığa Dəstək Aktı”na 907 saylı düzəlişin təsirini dayandırmaq səlahiyyətlərini ləğv etməyi təklif edirdi.
Bu qərar ABŞ Prezident Donald Trampın Ermənistan və Azərbaycan arasında sülh təşəbbüslərinə qarşı çıxan erməni lobbi qruplarının Konqresdəki məğlubiyyətini nümayiş etdirir.
ARB24 Televiziyasına açıqlama verən siyasi şərhçi Əhməd Şahidov bildirib ki, “Hər iki düzəlişin rədd olunması Azərbaycanın ABŞ-la əlaqələrinin güclənməsi və regionda balanslı siyasətin qorunması baxımından mühüm addımdır. Bu, həm də erməni lobbisinin ABŞ`da Azərbaycan əleyhinə fəaliyyətinin iflasa uğradını göstərir”.
Əhməd Şahidov həmçinin vurğulayıb ki, ABŞ-ın Azərbaycana layihə dəstəyi və humanitar yardımın davam etməsi regiondakı strateji balans üçün əhəmiyyətlidir.




