Rusiya-NATO qarşıdurma riski artır: Şərqi Avropada hərbi gərginlik – Əhməd Şahidov REAL Televiziyasına şərh edib

Son günlər Şərqi Avropada təhlükəsizlik mühitini gərginləşdirən hadisələr yaşanır. Rusiyaya məxsus olduğu bildirilən dronların Polşa hava məkanına daxil olması NATO ilə Moskva arasında qarşıdurma risklərini gücləndirib. Eyni zamanda Belarus ərazisində başlayan genişmiqyaslı Rusiya hərbi təlimləri və Alyansın buna cavab olaraq həyata keçirdiyi “Eastern Sentry” adlı təlimlər regiondakı hərbi balansı daha da həssas vəziyyətə gətirib.

Mövzu ilə bağlı REAL Televiziyasının “Real İntervyu” proqramına danışan siyasi şərhçi Əhməd Şahidov bildirib ki, bu gün baş verənlər sadəcə hərbi ssenarilərlə məhdudlaşmır, həm də böyük siyasi mesaj daşıyır: “Belarusda keçirilən ‘Zapad-2025’ təlimləri Moskvanın açıq şəkildə Qərbə mesajıdır ki, regionda təsir imkanlarını qorumaqda qərarlıdır. Digər tərəfdən NATO-nun cavab təlimləri göstərir ki, Alyans Rusiya ilə birbaşa toqquşmadan yayınmaq istəsə də, şərq cinahında müdafiə mexanizmlərini maksimum gücləndirir. Polşada yaşanan dron insidentləri isə ən böyük riskdir. Çünki bir yanlış hesablama hərbi insidentdən daha böyük müharibəyə çevrilə bilər”.

Əhməd Şahidovun sözlərinə görə, liderlərin son açıqlamaları da vəziyyətin ciddiliyini ortaya qoyur. ABŞ Prezidenti Donald Tramp NATO üzvlərinə “hər bir hücuma vahid cavab veriləcəyini” bəyan edib. Rusiya Prezidenti Vladimir Putin isə Minskdəki çıxışında “Rusiyanın sərhədlərində təhlükəsizliyi təmin etmək üçün bütün vasitələrdən istifadə ediləcəyini” bildirib. Polşa Prezidenti Andjey Duda isə ölkəsinin hava məkanının hər hansı pozuntusuna sərt reaksiya veriləcəyini açıqlayıb.

Siyasi şərhçi Əhməd Şahidov vurğulayıb ki, bu mərhələdə həm hərbi balansın qorunması, həm də diplomatik kanalların işlək qalması həyati əhəmiyyət daşıyır.