Cənubi Qafqazda son proseslər göstərir ki, Rusiya bölgədəki təsir imkanlarını sürətlə itirir. Qarabağdan sonra indi də Ermənistanın Türkiyə və İranla sərhədində yerləşən rus sərhədçilərinin taleyi müzakirə olunur. Regional oyunçuların heç biri Moskvanın bu ərazidə qalmasında maraqlı deyil.
Məhz belə bir şəraitdə Ermənistanın baş naziri Nikol Paşinyan yaxın günlərdə Moskvaya səfər etməyə hazırlaşır. Ekspertlərin fikrincə, Kreml bu səfər vasitəsilə İrəvana təzyiqlərini artırmağa, Ermənistanı yenidən öz orbitində saxlamağa çalışacaq. Lakin yaxınlarda Ağ Evdə Azərbaycan və Ermənistan arasında imzalanan sülh razılaşması göstərdi ki, bölgədə yeni reallıqlar formalaşıb və Moskvanın proseslərə təsir imkanları minimuma enib.
Mövzu ilə bağlı ARB24 Televiziyasına açıqlama verən siyasi şərhçi Əhməd Şahidov bildirib ki, Rusiya artıq bölgədə əvvəlki təsir gücünə malik deyil: “Azərbaycanın qətiyyətli siyasəti, Türkiyənin artan rolu və İranın sərt mövqeyi fonunda Moskva addım-addım Cənubi Qafqazdakı dayaqlarını itirir. İndi Paşinyanın Moskvaya səfəri də əslində bir növ təzyiq xarakteri daşıyır – Kreml Ermənistanı itirmək istəmir, amma reallıq odur ki, Moskvanın bu bölgədə əvvəlki mövqelərini bərpa etməsi artıq mümkünsüzdür.”
Siyasi şərhçinin sözlərinə görə, Zəngəzur dəhlizinin açılması da Rusiyanın bölgədəki rolunu daha da zəiflədəcək və yeni geosiyasi balans formalaşdıracaq.





