“Qərbin təsiri artır, Rusiyanın rolu zəifləyir” – Əhməd Şahidov Cənubi Qafqazdakı son durumu ARB24 Televiziyasında şərh edib

Cənubi Qafqazda son illər baş verən hadisələr bölgənin geosiyasi mənzərəsini əsaslı şəkildə dəyişib. Rusiya sülhməramlılarının Qarabağdan çıxarılması, Avropa İttifaqının Ermənistandakı müşahidə missiyasının mandatının uzadılması və Vaşinqtonda imzalanan birgə bəyanat sülh prosesini yeni mərhələyə daşıyıb. Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası artıq praktiki fazaya keçib, eyni zamanda Naxçıvanı Azərbaycanın əsas hissəsi ilə birləşdirəcək tranzit marşrutların formulu üzərində gərgin müzakirələr gedir.

Bu mövzu ətrafında ARB24 Televiziyasının “Gündəm” verilişinin qonağı siyasi şərhçi Əhməd Şahidov olub. O, bölgədə yaranmış yeni vəziyyəti şərh edərək bildirib ki, artıq Cənubi Qafqaz “post-münaqişə” dövrünə qədəm qoyub: “Bugünkü mərhələ həm sülh gündəliyinin formalaşması, həm də böyük güclərin bölgədəki maraqlarının toqquşması ilə xarakterizə olunur. Moskva hərbi arbitrlik imkanlarını itirsə də, geoiqtisadi layihələr vasitəsilə təsirini saxlamağa çalışır. ABŞ və Avropa İttifaqı isə regionda müşahidəçi və vasitəçi rolunu gücləndirir.”

Əhməd Şahidovun sözlərinə görə, Azərbaycan üçün əsas prioritet sərhədlərin tam şəkildə müəyyənləşməsi və Naxçıvan marşrutunun reallaşmasıdır. Ermənistan üçünsə bu proses həm yeni iqtisadi imkanlar, həm də daxili siyasi mübahisələr deməkdir.

“Ən real ssenari odur ki, sülh müqaviləsi mərhələlərlə həyata keçəcək. Yəni sərhədin delimitasiyası və humanitar məsələlər praktiki olaraq həll olunur, lakin yekun sənədin ratifikasiyası daha uzun zaman ala bilər. Buna görə də həm Azərbaycan, həm də Ermənistan üçün ən böyük məsuliyyət bu prosesi geri dönüşsüz yola çevirməkdir.”

Siyasi şərhçi vurğulayıb ki, yaxın illərdə Cənubi Qafqazda yeni nəqliyyat və enerji xəritəsi formalaşacaq və bu, bütün region ölkələri üçün böyük strateji əhəmiyyət daşıyacaq.