ABŞ–Çin rəqabəti Cənubi Qafqaza da təsir edəcək – Əhməd Şahidov ARB24 Televiziyasında ŞƏT sammitini şərh edib

Son illərdə ABŞ və Çin arasında artan siyasi, iqtisadi və hərbi rəqabət beynəlxalq gündəmin əsas mövzularından birinə çevrilib. Pekində keçirilən hərbi parad, müasir silahların təqdimatı və Rusiya–Çin yaxınlaşması bu prosesin yeni mərhələyə qədəm qoyduğunu göstərir.

Bununla yanaşı, Çində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının sammiti də böyük diqqət çəkib. Dünya liderlərinin Çinə toplaşması göstərdi ki, Çin artıq qlobal diplomatiyanın əsas mərkəzlərindən birinə çevrilib. Azərbaycan Prezidenti İlham Əliyevin sammitdə iştirakı isə iki ölkə arasında yüksələn əməkdaşlığın bariz nümunəsi kimi qiymətləndirilir. Bakı və Pekin arasında imzalanmış strateji tərəfdaşlıq münasibətləri Azərbaycanın balanslı xarici siyasət kursunun mühüm dayaqlarından biridir.

Məsələ ilə bağlı ARB24 Televiziyasının qonağı olan siyasi şərhçi Əhməd Şahidov bildirib ki, Çin artıq yalnız iqtisadi nəhəng deyil, hərbi güc olaraq da dünya siyasətində söz sahibi olmaq niyyətindədir. Onun sözlərinə görə, Rusiya ilə Çin arasındakı yaxınlaşma Qərbə açıq mesajdır ki, dünya artıq təkqütblü deyil.

Əhməd Şahidov xatırladıb ki, 8 avqustda Vaşinqtonda – Ağ Evdə Azərbaycan və Ermənistan liderlərinin iştirakı ilə keçirilmiş görüş Cənubi Qafqazda sülhün əldə olunması istiqamətində mühüm addım idi. ABŞ bu prosesdə regionda Rusiyanın təsirini azaltmağa çalışır. Çin isə paralel olaraq “Bir kəmər, bir yol” layihəsi çərçivəsində bölgədə iqtisadi maraqlarını genişləndirir.

“Azərbaycan isə həm Vaşinqton, həm də Pekin üçün vacib tərəfdaşdır və balanslı siyasətini uğurla davam etdirir,” – deyə Əhməd Şahidov vurğulayıb.

Siyasi şərhçi həmçinin Cənubi Qafqazda müzakirə edilən “Tramp marşrutu”nun strateji əhəmiyyətindən danışıb. Onun sözlərinə görə, bu dəhliz Azərbaycanın tranzit imkanlarını daha da genişləndirəcək, regionda sülh və əməkdaşlığın möhkəmlənməsinə xidmət edəcək.

Əhməd Şahidov əlavə edib ki, ABŞ–Çin qarşıdurması getdikcə daha da kəskin xarakter alacaq. “Bu rəqabət təkcə Asiya və Sakit okean regionu ilə məhdudlaşmayacaq, Avropa, Yaxın Şərq və Cənubi Qafqaz kimi bölgələrə də təsir edəcək. XXI əsrin əsas geosiyasi xətti məhz ABŞ–Çin rəqabətidir və Azərbaycan kimi balanslı siyasət aparan dövlətlər üçün həm yeni imkanlar, həm də risklər yaradır,” – deyə şərhçi qeyd edib.