Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin avqustun 30-da Çin Xalq Respublikasına işgüzar səfəri geniş müzakirə olunmaqdadır. Dövlət başçısının Çin Prezidenti Si Cinpinin dəvəti ilə həyata keçirdiyi bu səfər iki ölkə arasında strateji tərəfdaşlığın daha da möhkəmlənməsinə xidmət edir.
Mövzu ilə bağlı REAL Televiziyasına müsahibə verən siyasi şərhçi Əhməd Şahidov bildirib ki, Azərbaycan–Çin münasibətləri uzun illərdir qarşılıqlı hörmət və dostluq prinsipləri üzərində qurulub: “Bu gün yeni qlobal reallıqlar fonunda həmin əlaqələrin inkişafı xüsusi əhəmiyyət kəsb edir. Prezident İlham Əliyevin səfərinin əsas məqsədi sabah keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının toplantısında iştirak etməkdir. Bununla yanaşı, səfər çərçivəsində ikitərəfli görüşlər də keçirilir. Bu görüşlər zamanı siyasi dialoqun gücləndirilməsi, iqtisadi əməkdaşlığın genişləndirilməsi, nəqliyyat-logistika və enerji sahəsində yeni imkanların müzakirəsi aparılır. Xüsusilə də ‘Bir kəmər, bir yol’ təşəbbüsü çərçivəsində Azərbaycanın rolunun artırılması diqqət mərkəzindədir.”
Əhməd Şahidov əlavə edib ki, səfər çərçivəsində Azərbaycan qeyri-neft ixracını Çinə çıxarmaq, kənd təsərrüfatı, informasiya texnologiyaları, turizm və təhsil sahələrində yeni layihələrə start vermək niyyətindədir.
Siyasi şərhçinin sözlərinə görə, Prezident İlham Əliyevin Çinə səfəri yalnız ikitərəfli münasibətlərin inkişafı deyil, həm də Azərbaycanın Asiya istiqamətində mövqelərinin möhkəmlənməsi baxımından mühüm tarixi əhəmiyyət daşıyır.






