Avropa Ukrayna–Rusiya cəbhəsində bufer zona təklif edir – Əhməd Şahidov ARB24 kanalına geniş müsahibə verib

Avropada Ukrayna–Rusiya müharibəsinin gələcək ssenariləri ilə bağlı yeni təkliflər gündəmdədir. “Politico” nəşrinin məlumatına görə, Avropa tərəfi cəbhə xəttində 40 kilometrlik bufer zona yaratmaq imkanını nəzərdən keçirir. Bu, atəşkəs və ya müharibədən sonrakı sülh mexanizmlərinin bir hissəsi kimi təqdim olunur. Lakin plan həm Ukrayna üçün ərazi güzəştləri riski, həm də Rusiya üçün faktiki qazanclar anlamına gəlir.

Məsələ ilə bağlı ARB24 kanalına geniş müsahibə verən siyasi şərhçi Əhməd Şahidov bildirib ki, bu təklif zahirdə sülh təşəbbüsü kimi görünür, amma əslində Ukraynanın suverenliyi üçün ciddi təhlükə daşıyır: “Bufer zonanın yaradılması Ukraynanın təhlükəsizlik zəmanəti sayıla bilər, amma işğal olunmuş ərazilərin legitimləşdirilməsi mənasına da gəlir. Kiyev üçün bu, çox ağır seçimdir”.

Əhməd Şahidovun sözlərinə görə, NATO qoşunlarının – xüsusilə Fransa və Britaniya qüvvələrinin bu plana qoşulması münaqişəni daha da dərinləşdirə bilər: “Belə bir addım müharibəni regional çərçivədən çıxarıb qlobal qarşıdurmaya çevirə bilər. Rusiya bunu qırmızı xətt kimi qəbul edəcək”.

Siyasi şərhçi həmçinin Avropa İttifaqının Rusiyaya qarşı hazırladığı yeni sanksiyalar paketini şərh edib. O, qeyd edib ki, enerji və maliyyə sektoruna yönələcək məhdudiyyətlər Moskvanın imkanlarını daraltsa da, Avropa iqtisadiyyatına da zərbə vura bilər.

Putin və Trampın Alyaskada baş tutan, lakin təfərrüatları açıqlanmayan görüşünə münasibət bildirən Əhməd Şahidov əlavə edib ki, bu, Moskva ilə Vaşinqton arasında gizli diplomatik kanalların aktivləşdiyindən xəbər verir. “ABŞ-dakı siyasi iradə müharibənin gedişatını müəyyən edən əsas amil olacaq”, – deyə o vurğulayıb.

Qeyd edək ki, ötən gün Vaşinqtondan geri dönən Əhməd Şahidov ABŞ-ın xarici siyasəti, ABŞ Dövlət Departamenti və Ağ Evdə keçirilən press brifinqlərlə bağlı müşahidələrini də bölüşüb. O, həmçinin Ağ Evdə imzalanan Azərbaycan–Ermənistan fundamental sülh razılaşmasının Cənubi Qafqazda sabitlik üçün yeni imkanlar açdığını bildirib.