ABŞ Prezidenti Donald Trampın ictimai dəstək göstəriciləri müxtəlif sorğularda fərqli nəticələr ortaya qoyur. Bəzi seçici qruplarında dəstəyin daha yüksək, digərlərində isə nisbətən aşağı olduğu müşahidə edilir.
Baku TV`yə Vaşinqtondan danışan siyasi şərhçi Əhməd Şahidov bildirib ki, Tramp həm daxili, həm də xarici siyasətdə fəal addımlar atır və bu, ictimai rəylərdə müxtəlif baxışların yaranmasına səbəb olur. Onun sözlərinə görə, Prezidentin dünyada mövcud münaqişələrin həllinə yönələn təşəbbüsləri diqqət çəkir və bir sıra regionlarda ABŞ-ın vasitəçilik rolu ön plana çıxır.
Əhməd Şahidov əlavə edib ki, Tramp seçkiöncəsi verdiyi vədlərin əksəriyyətini icra etməyə başlayıb. Xüsusilə ticarət siyasətində yeni tariflərin tətbiqi, beynəlxalq sazişlərə münasibətdə atılan addımlar və əfv qərarları onun proqramının icrası kimi dəyərləndirilir.
Siyasi şərhçinin sözlərinə görə, Demokratlardan olan senatorlar və onlara yaxın media qurumları isə zaman-zaman Trampı tənqid etməklə gündəmə gəlirlər.




