Finlandiya və Polşa Rusiya ilə sərhədlərin müdafiəsi məqsədilə yeni addımlar atmağa hazırlaşır. “Politico” nəşrinin məlumatına görə, bu ölkələr sərhəd bölgələrində bataqlıqların bərpası imkanlarını araşdırır. Məqsəd həm hərbi təhlükəsizlik, həm də iqlim dəyişikliyi ilə mübarizədir.
Məsələ ilə bağlı Vaşinqtondan ARB24 kanalına danışan siyasi şərhçi Əhməd Şahidov bildirib ki, bataqlıqların bərpası yalnız ekoloji layihə deyil, eyni zamanda strateji müdafiə vasitəsi kimi nəzərdə tutulur: “Tarixdə bunun nümunələri var. Məsələn, İkinci Dünya Müharibəsində Belarusdakı bataqlıqlar alman tanklarının hərəkətini əngəlləmişdi. İndi Finlandiya və Polşa bu təcrübəni müasir şəraitə uyğunlaşdırmağa çalışır. Bu həm NATO sərhədlərinin qorunması, həm də ekoloji siyasətin gücləndirilməsi baxımından əhəmiyyətlidir”.
Əhməd Şahidov qeyd edib ki, paralel olaraq ABŞ və Rusiya arasında enerji ilə bağlı gizli danışıqlar aparılır və bu, Ukrayna müharibəsi fonunda yeni siyasi balansın formalaşmasına təsir göstərə bilər: “Vaşinqton bir tərəfdən Moskvaya təzyiq göstərir, digər tərəfdən isə enerji bazarında güzəştlər qarşılığında kompromis axtarır. Bu prosesdə Avropanın parçalanma riski də var, çünki bəzi ölkələr güzəştlərə qarşı çıxır, bəziləri isə bundan fayda əldə etməyə çalışır”.
Siyasi şərhçinin fikrincə, yaxın dövrdə iki paralel proses – NATO sərhədlərinin möhkəmləndirilməsi və ABŞ-Rusiya enerji dialoqu – Avropada təhlükəsizlik arxitekturasını müəyyən edəcək.




