Ukrayna Silahlı Qüvvələrinin sabiq Baş Qərargah rəisi və hazırda ölkəsinin Böyük Britaniyadakı səfiri olan Valeriy Zalujnı ətrafında son günlər yeni diplomatik qalmaqal gündəmin əsas mövzularından birinə çevrilib. “The Guardian” qəzetinin yazdığına görə, fevral ayında Oval kabinetdə ABŞ Prezidenti Donald Tramp və Ukrayna Prezidenti Volodimir Zelenski arasında gərgin görüşdən qısa müddət sonra, Vaşinqton Zalujnı ilə təmas qurmağa çalışıb. Məlumatda qeyd olunur ki, ABŞ vitse-prezidenti JD Vens-in komandası Ukraynanın Londondakı səfiri ilə telefon danışığı təşəbbüsü irəli sürüb. Lakin Zalujnı Zelenskinin ofis rəhbəri Andrey Yermakla məsləhətləşdikdən sonra bu zəngə cavab verməkdən imtina edib.
Hadisə həm Kiyevdə, həm də Qərb paytaxtlarında müxtəlif şərhlərə səbəb olub. Rəsmi mənbələr Zalujnının hansısa siyasi ambisiyasını qəti şəkildə təkzib edir. Onun mətbuat xidməti dəfələrlə bəyan edib ki, hazırkı müharibə şəraitində əsas məsələ ölkənin müdafiəsidir, seçkilər və siyasi planlar gündəmdə deyil.
Mövzu ilə bağlı ARB24 kanalına açıqlama verən Vaşinqtondan siyasi şərhçi Əhməd Şahidov bildirib ki, Zalujnının bu addımı həm daxili, həm də xarici mesaj xarakteri daşıyır: “Zalujnı zəngə cavab verməməklə Zelenskiyə loyal olduğunu göstərdi və eyni zamanda ABŞ-ın təkliflərinə ehtiyatlı yanaşdı. Amma bu hadisə onu da göstərdi ki, Vaşinqton artıq yalnız Zelenski ilə deyil, Ukraynanın mümkün gələcək liderləri ilə də maraqlanır. Bu, Ukrayna siyasətində yeni güc balansının formalaşa biləcəyinə işarədir.”
Əhməd Şahidov əlavə edib ki, Zalujnı hələlik özünü siyasi proseslərdən kənarda saxlayır, amma onun yüksək populyarlığı və Qərbdəki nüfuzu onun adını daim gündəmdə saxlayır: “Əgər yaxın aylarda Ukraynada siyasi vəziyyət dəyişsə, Zalujnının fiquru daha da aktuallaşa bilər. İndilik isə o, gözləmə mövqeyindədir və bu da onu həm Kiyevdə, həm də Vaşinqtonda diqqət mərkəzində saxlayır.”




