Avqustun 8-də, Cümə günü, ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə Vaşinqtonda Ağ Evdə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında yüksək səviyyəli görüş keçiriləcək. Bu görüş son aylarda intensivləşən diplomatik proseslərin məntiqi davamı kimi qiymətləndirilir və Cənubi Qafqazda uzun illər davam edən münaqişənin siyasi yolla həlli istiqamətində ən ciddi addımlardan biri hesab olunur.
Diplomatik mənbələrin verdiyi məlumata görə, tərəflər bundan öncə Birləşmiş Ərəb Əmirliklərinin vasitəçiliyi ilə Abu-Dabidə mühüm razılaşmalara nail olublar. Ağ Evdə keçiriləcək üçtərəfli görüşün əsas məqsədi həmin ilkin razılaşmaları rəsmiləşdirmək, yekun sülh sazişini imzalamaq və münaqişənin tamamilə aradan qaldırılması üçün yol xəritəsini təsdiqləməkdir.
Vaşinqtonun bu təşəbbüsə verdiyi əhəmiyyət təkcə regional sabitliklə məhdudlaşmır. Donald Tramp administrasiyası bu görüşü həm də ABŞ-ın beynəlxalq vasitəçilik mövqeyinin möhkəmlənməsi və prezidentin şəxsi diplomatik uğuru kimi görür. Ağ Ev rəsmiləri hesab edir ki, əldə olunacaq razılıq həm Azərbaycan, həm Ermənistan, həm də bütövlükdə Cənubi Qafqaz üçün yeni iqtisadi və siyasi imkanlar yaradacaq.
Hazırda Vaşinqtonda olan siyasi şərhçi Əhməd Şahidov ARB24 Televiziyasına verdiyi müsahibədə bildirib ki, Ağ Evdə baş tutacaq görüş region üçün tarixi bir şansdır və real nəticələr gözlənilir: “Bu dəfə proses formal bəyanatlarla məhdudlaşmaya bilər. Donald Tramp bu təşəbbüsü sıradan diplomatik missiya kimi deyil, şəxsi siyasi iradəsi ilə irəli aparır. Onun məqsədi yalnız iki ölkə arasında barışıq yaratmaq deyil, həm də ABŞ-ın qlobal vasitəçi mövqeyini gücləndirməkdir. Bu, həm Vaşinqtonun nüfuzunu artıracaq, həm də regionda uzunmüddətli sabitlik üçün zəmin yaradacaq,” – deyə Əhməd Şahidov vurğulayıb.
Əhməd Şahidov qeyd edib ki, görüşdə müzakirə olunacaq məsələlər yalnız sülh sənədi ilə bitməyəcək. Gündəlikdə iqtisadi əməkdaşlıq imkanları, sərhədlərin açılması, nəqliyyat və enerji dəhlizlərinin bərpası, humanitar əlaqələrin canlandırılması kimi mövzular da var:“Əgər bu görüşdə yekun razılıq əldə olunarsa, bu, təkcə münaqişənin bitməsi demək olmayacaq. Bu, həm də region ölkələrinin iqtisadi inteqrasiyası, yeni ticarət yollarının açılması və insanların sərbəst hərəkəti üçün tamamilə yeni bir mərhələnin başlanğıcı olacaq,” – deyə siyasi şərhçi əlavə edib.
Siyasi şərhçi Əhməd Şahidov həmçinin bildirib ki, Vaşinqtondakı diplomatik dairələr görüşün nəticələrinə böyük ümidlə baxır və prosesin uğurlu olması üçün tərəflərə maksimum dəstək göstərilir.




