Bu gün, 18 avqust tarixində Ağ Evdə ABŞ Prezidenti Donald Tramp, Ukrayna Prezidenti Volodimir Zelenski və Avropa liderlərinin iştirakı ilə mühüm görüş başlayıb. Görüşdə əsas müzakirə mövzusu Ukraynada müharibənin sona çatdırılması və uzunmüddətli sülhün təmin edilməsidir.
Məlumata görə, Tramp Zelenskiyə Rusiya Prezidenti Vladimir Putinin Alyaskada keçirilən sammitdə irəli sürdüyü təklifləri təqdim edəcək. Bu təkliflər arasında Ukraynanın Donetsk və Luqansk bölgələrini Rusiyaya güzəştə getməsi, əvəzində isə ABŞ və Qərb tərəfindən Ukraynaya təhlükəsizlik təminatının verilməsi məsələsi müzakirə olunur.
Zelenski isə Avropa İttifaqı və NATO-nun dəstəyi ilə ölkəsinin ərazi bütövlüyünü qorumaqda israrlıdır və vurğulayır ki, hər hansı sülh razılaşması Ukraynanın suverenliyi və sərhədlərinə zidd olmamalıdır. Onun sözlərinə görə, əldə olunacaq nəticələr yalnız Ukrayna üçün deyil, bütövlükdə Avropanın təhlükəsizliyi və sabitliyi üçün həlledici əhəmiyyət daşıyır.
REAL Televiziyasına açıqlamasında Vaşinqtonda yaşayan siyasi şərhçi Əhməd Şahidov bildirib ki, tərəflərin kompromisə getməsi sülhün bərqərar olması üçün mühüm şərtdir: “Əks halda, müharibə daha da uzana bilər və minlərlə günahsız insanın həyatına son qoya bilər. ABŞ bu prosesdə mühüm vasitəçi rolunu oynayır və beynəlxalq diplomatiyada sülhün təmin olunmasına böyük töhfə verir.”
Onun sözlərinə görə, Donetsk və Luqansk üzrə güzəştlər yalnız sülhə nail olmaq üçün bir vasitə kimi nəzərdən keçirilə bilər, lakin Ukraynanın ərazi bütövlüyü və beynəlxalq hüququn prinsipləri hər zaman əsas prinsip olaraq qalmalıdır.


