18 Avqust tarixində ABŞ Prezidenti Donald Tramp və Ukrayna Prezidenti Volodimir Zelenski Ağ Evdə görüşəcək. Görüşün əsas mövzusu Ukraynada davam edən müharibənin sona çatdırılması və uzunmüddətli sülhün təminatı olacaq. Tramp Zelenskiyə Rusiya Prezidenti Vladimir Putinin Alyaskada keçirilən sammitdə irəli sürdüyü təklifləri təqdim edəcək. Bu təkliflər arasında Ukraynanın Donetsk və Luqansk bölgələrini Rusiyaya güzəştə getməsi və Ukraynanın NATO-ya üzvlük perspektivinin müzakirəsi yer alır.
Zelenski Avropa İttifaqı və NATO-nun dəstəyi ilə Ukraynanın ərazi bütövlüyünü qorumağı və Rusiyanın təcavüzünə qarşı uzunmüddətli təhlükəsizlik zəmanətləri əldə etməyi hədəfləyir. O, həmçinin vurğulayır ki, hər hansı bir sülh razılaşması Ukraynanın ərazi bütövlüyünü pozmamalıdır. Görüşün nəticələri yalnız Ukraynanın deyil, bütövlükdə Avropanın təhlükəsizliyi və sabitliyi üçün böyük əhəmiyyət kəsb edir. Əgər tərəflər razılığa gələ bilsələr, bu, müharibənin sona çatdırılması və regionda sülhün bərqərar olması üçün mühüm addım olacaq.
Mövzu ilə bağlı ARB24 Televiziyasına danışan Vaşinqtonda yaşayan siyasi şərhçi Əhməd Şahidov bildirib ki, tərəflərin güzəştlərə getməsi və qarşılıqlı kompromislər Ukraynada davamlı sülhün əldə edilməsi üçün vacibdir. Əks halda, müharibənin uzun müddət davam etməsi və minlərlə günahsız insanın həyatını itirməsi riski qalır. Əhməd Şahidov əlavə edib ki, ABŞ bu prosesdə mühüm vasitəçi rolunu oynayır və ölkənin beynəlxalq diplomatiyada sülhün təmin olunmasında rolu böyükdür. Onun fikrincə, Donetsk və Luqansk üzrə güzəştlər yalnız sülh əldə etmək üçün vasitə ola bilər, lakin Ukraynanın ərazi bütövlüyü və beynəlxalq hüquq prinsipləri həssas məsələ olaraq qalır.




