Alyaskada Tramp–Putin danışıqları bir nəticə verəcəkmi? – Əhməd Şahidov Vaşinqtondan Real TV-yə danışıb

Bu gün ABŞ-ın Alyaska ştatında ABŞ Prezidenti Donald Tramp və Rusiya lideri Vladimir Putin arasında yüksək səviyyəli görüş keçirilir. Görüşdə əsas müzakirə mövzusu Ukraynada davam edən müharibə, atəşkəs imkanları və strateji silah nəzarəti məsələləri olacaq.

Vaşinqtonda yaşayan siyasi şərhçi Əhməd Şahidov Real Televiziyasına açıqlamasında bildirib ki, Alyaska görüşü “tarixi razılaşma” gətirməsə də, tərəflər arasında dialoqun yenidən başlaması baxımından mühüm əhəmiyyət daşıyır.

Onun sözlərinə görə, Tramp bu görüşlə prosesi başlatmağı, gələcəkdə üçtərəfli – Tramp, Putin və Zelenski arasında danışıqların yolunu açmağı hədəfləyir: “ABŞ tərəfi minimum nəticə olaraq danışıqların davamı üçün format və təqvim müəyyənləşdirməyə çalışacaq. Rusiya isə bundan maksimum siyasi və hərbi güzəştlər qoparmağa cəhd edəcək. Ukrayna isə prosesdən kənarda qalmaq istəmir və ərazi güzəştlərinə qətiyyətlə qarşı çıxır.”

Əhməd Şahidov əlavə edib ki, görüşün nəticələri yalnız ABŞ və Rusiya deyil, həm də Avropa və Ukrayna üçün strateji əhəmiyyət daşıyır: “Əgər tərəflər heç olmasa məhdud de-eskalasiya, yəni hərbi əməliyyatların müəyyən dərəcədə azaldılması barədə anlaşa bilsələr, bu, növbəti raund danışıqlar üçün zəmin yarada bilər. Əks halda, fiasko ssenarisi və yeni sanksiyalar gündəmə gələ bilər.”

Xatırladaq ki, görüş Joint Base Elmendorf–Richardson hərbi bazasında keçirilir və yalnız tərcüməçilərin iştirakı ilə təkbətək formatda baş tutacaq.