Siyasi şərhçi Əhməd Şahidov, Türkiyənin aparıcı kanallarından biri olan Akit Televiziyasının qonağı olaraq, həm 8 avqustda Ağ Evdə keçirilən tarixi Azərbaycan-Ermənistan sülh görüşü, həm də Cənubi Qafqazda yaranan yeni geosiyasi vəziyyət barədə geniş şərhlər verib. Proqram boyunca Zəngəzur Dəhlizinin əhəmiyyətinə xüsusi vurğu edən Şahidov, bu xəttin yalnız Azərbaycan üçün deyil, bütün Türk dünyası üçün strateji bir körpü rolu oynadığını qeyd edib.
Əhməd Şahidov bildirib ki, Zəngəzur Dəhlizinin reallaşması Orta Asiyadan Anadoluyadək fasiləsiz quru əlaqəsini təmin edərək Türk dünyasını iqtisadi, siyasi və mədəni baxımdan daha da yaxınlaşdıracaq. O, bu layihənin enerji və ticarət yollarının təhlükəsizliyi baxımından da həyati əhəmiyyət daşıdığını vurğulayıb.
Cənubi Qafqazda son aylarda atılan sülh addımlarına toxunan Şahidov, 8 avqustda Ağ Evdə baş tutan görüşün bölgə üçün tarixi bir dönüş nöqtəsi olduğunu bildirib. Azərbaycan və Ermənistan arasındakı problemlərin dialoq yolu ilə həllinin yalnız iki ölkəyə deyil, bütün bölgəyə davamlı sabitlik gətirəcəyini vurğulayıb.
Proqramda ABŞ-Azərbaycan münasibətləri də gündəmə gəlib. Şahidov iki ölkə arasındakı strateji əməkdaşlığın vacibliyini qeyd edərək, Vaşinqtonun Cənubi Qafqazda sülh prosesinə verdiyi dəstəyin dəyərli olduğunu bildirib. Lakin bu dəstəyin ədalətli və balanslı yanaşma əsasında davam etdirilməsinin vacibliyini vurğulayıb.
Əhməd Şahidov sözlərini belə tamamlayıb: “Zəngəzur Dəhlizinin açılması Türk dünyasının birləşmə prosesini sürətləndirəcək, Cənubi Qafqazda sülh və rifahın qalıcı olmasına töhfə verəcəkdir.”




