Yaxın Şərqdə vəziyyət getdikcə daha da gərginləşir. Qəzza zolağında dərinləşən humanitar fəlakət, HƏMAS ilə İsrail arasında davam edən hərbi qarşıdurmalar, ABŞ-ın İsrailə açıq dəstəyi və İran ətrafında formalaşan yeni diplomatik proseslər dünya gündəminin əsas mövzuları arasındadır. Son günlərdə İran Prezidentinin Pakistana rəsmi səfəri və iki ölkə arasında artan siyasi-iqtisadi əməkdaşlıq, eyni zamanda 22 ərəb ölkəsinin HƏMAS-ın silahı yerə qoymasına dair birgə çağırışı bölgədə mühüm siyasi dəyişikliklərin xəbərçisidir.
Bu və digər aktual məsələlərlə bağlı Vaşinqtondan ARB24 Televiziyasının canlı yayımına bağlanan siyasi şərhçi Əhməd Şahidov ətraflı şərhlər verib. O bildirib ki, hazırda ABŞ-ın siyasəti İsrailin mövqeyi ilə tam uzlaşır və bu da bölgədəki münaqişələrin dayandırılmasını çətinləşdirir: “ABŞ administrasiyası HƏMAS-ı terror təşkilatı kimi tanıyır və bu səbəbdən İsrailin hərbi əməliyyatlarına birmənalı dəstək verir. Bu mövqe isə Qəzza zolağında davam edən humanitar fəlakətin qarşısını almağa ciddi maneələr yaradır.”
Əhməd Şahidovun sözlərinə görə, 22 ərəb ölkəsinin HƏMAS-ın silahsızlaşdırılması ilə bağlı birgə çağırışı regionun siyasi xəritəsində mühüm dəyişikliklərin baş verdiyini göstərir: “Bu günə qədər bəzi ərəb ölkələri HƏMAS-a birbaşa və ya dolayı dəstək verirdilər. İndi isə ilk dəfə 22 ərəb dövləti eyni mövqedən çıxış edərək HƏMAS-ın silahı yerə qoymasını tələb edir. Bu, həm ərəb birliyi daxilində yeni yanaşmanın formalaşdığını, həm də bölgədə sülh və sabitliyin prioritetə çevrildiyini göstərir.”
İran–Pakistan münasibətlərinə toxunan Əhməd Şahidov İran Prezidentinin İslamabada səfərinin yalnız diplomatik jestlərlə kifayətlənmədiyini, konkret sahələr üzrə əməkdaşlıq razılaşmalarının əldə edildiyini bildirib. O, bu əməkdaşlığın İslam həmrəyliyi baxımından müsbət qiymətləndirildiyini, lakin hərbi yardım məsələsində ciddi məhdudiyyətlərin olduğunu vurğulayıb: “İranla Pakistan arasındakı yaxınlaşma İslam həmrəyliyinin gücləndirilməsi baxımından mühüm addımdır. Amma Pakistanın İrana real və ciddi hərbi yardım göstərməsi inandırıcı deyil. Xüsusilə İsrailə qarşı yönəlmiş hərbi dəstək cəhdi ABŞ-ın dərhal təzyiqi ilə qarşılaşa bilər. Çünki Vaşinqtonun Cənubi Asiyada həm Pakistan, həm də Hindistanla strateji tərəfdaşlıq münasibətləri mövcuddur və bu balansın pozulmasına ABŞ səssiz qalmayacaq.”
Canlı yayımda həmçinin HƏMAS-ın mövqeyi, İsrailin hərbi strategiyası, ərəb dövlətlərinin yeni yanaşması, ABŞ-ın vasitəçilik səyləri və regionun gələcək taleyi ilə bağlı digər məsələlərə də toxunan Əhməd Şahidov qarşıdan gələn həftələrin Yaxın Şərq bölgəsi üçün son dərəcə kritik olacağını və beynəlxalq ictimaiyyətin daha ciddi və balanslı mövqe nümayiş etdirməsinin vacibliyini qeyd edib.




