ABŞ xüsusi elçisinin Moskva səfəri beynəlxalq diqqət mərkəzində – Əhməd Şahidov Vaşinqtondan ARB24 kanalına danışıb

ABŞ Prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoffun Moskvaya planlaşdırılan səfəri beynəlxalq medianın və siyasi analitiklərin diqqətini cəlb edib. Ağ Evin verdiyi məlumata görə, Vitkoff İsraildəki səfərini başa vurduqdan sonra Rusiya paytaxtına diplomatik missiya ilə yollanacaq. Səfərin dəqiq gündəliyi ictimaiyyətə açıqlanmasa da, proses Ukrayna müharibəsi fonunda yeni bir diplomatik mərhələnin başlaya biləcəyini göstərir.

Xüsusilə ABŞ Prezidenti Donald Trampın 22 iyulda Rusiya lideri Vladimir Putinə verdiyi 10 günlük atəşkəs ultimatumunun sonuna yaxınlaşdığımız bir vaxtda baş tutacaq bu səfər, Vaşinqtonun diplomatik təzyiq strategiyasının bir hissəsi kimi qiymətləndirilir. Vitkoffun Rusiya tərəfinə həm Trampın mesajını çatdırması, həm də Qəzza, İran və regional təhlükəsizlik məsələlərini müzakirə etməsi gözlənilir.

Mövzu ilə bağlı Vaşinqtondan ARB24 Televiziyasına danışan siyasi şərhçi Əhməd Şahidov səfərin əhəmiyyətini və arxa planını dəyərləndirib. O bildirib ki, bu səfər hələ baş tutmamış olsa da, artıq böyük bir informasiya və diplomatik gərginlik yaratmağa müvəffəq olub: “Bu, sadəcə bir diplomatik səfər deyil. Tramp administrasiyası bu səfərlə həm ultimatumun ciddiliyini göstərmək, həm də Putinlə birbaşa dialoqun qapısını açıq saxlamaq istəyir. Vitkoffun seçilməsi də təsadüfi deyil – o, Trampa yaxın çevrənin adamıdır və bu, mesajın ‘rəsmi kanallardan kənar, birbaşa’ çatdırılması məqsədi daşıyır.”

Əhməd Şahidovun sözlərinə görə, səfər eyni zamanda İran və İsrail arasındakı gərginlik fonunda Rusiya ilə Yaxın Şərq üzrə mümkün koordinasiyanın müzakirəsi üçün bir fürsət ola bilər: “ABŞ Rusiya ilə Qəzza və İran məsələsində də təmas qurmaq istəyir. Vitkoff bu baxımdan həm də Yaxın Şərq diplomatiyasının ‘arxa qapı’ oyunçusudur.”

Siyasi şərhçi qeyd edib ki, əgər bu səfər nəticə verməzsə, Vaşinqtonun daha sərt mövqeyə keçəcəyi istisna olunmur: “Əgər Putin atəşkəs üçün real addım atmasa, Tramp administrasiyası həm yeni sanksiyalarla, həm də Ukraynaya daha ağır silah yardımı ilə cavab verə bilər. Bu baxımdan Vitkoffun Moskvaya səfəri bir növ diplomatik son şansdır.”