Türkiyənin Ulusal Kanal televiziyasında yayımlanan “Yeni Dünya” verilişində Yaxın Şərq və Cənubi Qafqazda baş verən son hadisələr müzakirə olundu.
Jurnalist Kıvanç Özdalın aparıcılığı ilə yayımlanan verilişə “Aydınlık” qəzetinin Ankara təmsilçisi İsmet Özçelik və siyasi şərhçi Əhməd Şahidov qonaq qismində qatıldılar.
Vaşinqtondan canlı bağlantı ilə verilişə qatılan Əhməd Şahidov ABŞ-ın Yaxın Şərq və Cənubi Qafqazdakı aktual siyasətindən bəhs etdi, bölgədəki güc balansına dair real mənzərəni təqdim etdi və Amerikanın baxış bucağını dəyərləndirdi.
Verilişdə həmçinin Türkiyənin Yaxın Şərqdəki rolu, xüsusilə Suriyadakı hərbi və diplomatik fəaliyyətləri geniş şəkildə təhlil olundu. Eyni zamanda, İsrail ilə Türkiyə arasında mümkün hərbi qarşıdurma ssenariləri və ABŞ-ın bu ehtimala münasibəti müzakirə edildi.
Verilişin digər gündəm mövzusu isə Cənubi Qafqaz idi. Azərbaycan ilə Ermənistan arasında davam edən sülh prosesi, Zəngəzur dəhlizinin strateji əhəmiyyəti və ABŞ-ın bu dəhlizə olan marağı dəyərləndirildi. Qonaqlar qeyd etdilər ki, bölgədə davamlı sülh yalnız birbaşa dialoq və regional əməkdaşlıqla mümkündür.






