ABŞ Konqresində erməni lobbisinin təşəbbüsü ilə yeni anti-Azərbaycan kampaniyası başlayıb. 60-dan çox konqresmen Tramp administrasiyasına müraciət edərək Qarabağı könüllü tərk etmiş ermənilərin geri qayıtmasına dəstək göstərilməsini tələb edir. Bu addım, ekspertlərin fikrincə, Azərbaycan və Ermənistan arasında son vaxtlar irəliləyən sülh prosesini pozmaq və regionda gərginliyi yenidən alovlandırmaq məqsədi daşıyır.
Mövzu ilə bağlı ARB24 Televiziyasına Vaşinqtondan danışan siyasi şərhçi Əhməd Şahidov bildirib ki, konqresmenlərin bu çağırışı həm də Əbu-Dabidə keçirilmiş Azərbaycan-Ermənistan liderlərinin görüşünün nəticələrini heçə endirməyə yönəlib: “Sülhə tərəfdar olan hər iki ölkənin vasitəçidən imtina etməsi erməni lobbisini ciddi narahat edib. Onlar bölgədə gərginliyin davam etməsini istəyirlər.”
Frank Pallone, Brad Sherman, David Valadao kimi konqresmenlərin illərdir erməni lobbisinin sifarişi ilə hərəkət etdiyini deyən şərhçi onların sülhə qarşı çıxmasını da məhz bu kontekstdə dəyərləndirib.
Əhməd Şahidov əlavə edib ki, Donald Trampın Prezident İlham Əliyevin çıxışını sosial şəbəkədə paylaşması və buna görə təşəkkür alması erməni dairələrini təşvişə salıb: “Bu münasibət ABŞ-Azərbaycan əlaqələrinin yeni mərhələyə keçdiyindən xəbər verir və lobbist dairələrin qəzəbini doğurur.”
O, həmçinin korrupsiya qalmaqalları ilə gündəmdə olan senator Adam Şiff və Robert Menendesin də illərdir erməni separatizminə açıq dəstək verdiyini qeyd edib: “Tramp bu cür korrupsioner siyasətçilərə qarşı sərt mövqe sərgilədiyi üçün onların Trampa və onun sülh gündəliyinə hücumları da təsadüfi deyil.”
Sonda siyasi şərhçi bildirib ki, bu bəyanatlar təkcə Azərbaycana deyil, eyni zamanda ABŞ daxilində dəyişən siyasi nizam və Trampın mümkün qayıdışına qarşı yönəlmiş təzyiq vasitəsidir.




