Vaşinqtonda keçirilən ABŞ Dövlət Departamentinin ənənəvi media brifinqində iştirak edən jurnalist və hüquq müdafiəçisi Əhməd Şahidov Baku TV-yə müsahibəsində Zəngəzur Koridoru, bölgədəki geosiyasi proseslər və Amerikanın bu məsələyə münasibəti barədə danışıb.
Əhməd Şahidov bildirib ki, brifinq zamanı ABŞ Dövlət Departamentinin mətbuat katibi Temmi Bryusa (Tammy Bruce) Zəngəzur Koridorunun gələcək statusu və ABŞ-ın bu məsələyə rəsmi yanaşması ilə bağlı sual ünvanlayıb. O, qeyd edib ki, ötən həftə ABŞ-ın Türkiyədəki səfiri Tomas Barrak (Thomas Barrack) çıxışı zamanı koridorun 100 illik müddətə bir Amerika şirkətinə idarəçiliyə verilməsinin mümkünlüyünü istisna etməyib. Bu bəyanat regionda, xüsusilə Rusiya və İranda ciddi narahatlıq doğurub.
Dövlət Departamentinin sözçüsü Temmi Bryus cavabında bildirib ki, məsələ birbaşa Ağ Ev səlahiyyətindədir və yekun qərar prezident səviyyəsində verilir. Bununla belə, ABŞ tərəfi Cənubi Qafqazda sülh təşəbbüslərini, Azərbaycan və Ermənistan arasında dayanıqlı sülhün əldə olunmasını dəstəkləyir. Prezident Donald Tramp və dövlət katibi Marko Rubio daha öncə verdikləri bəyanatlarda regional kommunikasiya və infrastruktur layihələrinin sülhə töhfə verəcəyini vurğulayıblar. Tammy Bruce əlavə edib ki, Zəngəzur Koridoruna dair rəsmi mövqe yaxın günlərdə yazılı şəkildə təqdim olunacaq.
Müsahibəsində Əhməd Şahidov həmçinin Ermənistandakı son vəziyyətə toxunub. O, qeyd edib ki, ölkədə daxili gərginlik artır, hakimiyyətə qarşı etirazlar güclənir. Hüquq müdafiəçisi hesab edir ki, 2026-cı ilin iyun ayında keçiriləcək parlament seçkilərinə qədər Ermənistanda qeyri-sabitlik davam edə bilər və bu vəziyyət bölgədə sülh müqaviləsinin imzalanmasına ciddi təhdid yaradır.

