Ermənistan mətbuatında yayılan məlumata görə, ABŞ-dakı erməni diasporası iş adamı və separatçı Ruben Vardanyanın azadlığa buraxılması üçün ABŞ Prezidenti Donald Trumpa müraciət etmək təşəbbüsü ilə çıxış edib. Lakin Ermənistan Baş naziri Nikol Paşinyan bu təşəbbüsə razılıq verməyib. Bildirilir ki, erməni diasporunun bəzi nümayəndələri Prezident Trumpın qızının həyat yoldaşına müraciət edərək Ağ Evin bu məsələyə müdaxilə etməsinə nail olmağa çalışıblar. ABŞ tərəfi isə yalnız rəsmi İrəvanın müraciəti olduğu halda məsələyə baxılacağını bildirib. Ermənistanın ABŞ-dəki səfiri Lilit Manukyants bu müraciəti Baş nazirə çatdırsa da, Paşinyan rədd cavabı verib.
Məsələ ilə bağlı ARB24 Televiziyasına Vaşinqtondan açıqlama verən siyasi şərhçi Əhməd Şahidov bildirib ki, bu hadisə Ermənistanın dəyişən xarici siyasət kursunun və Cənubi Qafqazda geopolitik maraqlar uğrunda gedən mübarizənin əyani göstəricisidir. Onun sözlərinə görə, Paşinyan artıq Qarabağ məsələsini beynəlxalq gündəmdən çıxarmağa və ABŞ-nin vasitəçiliyi ilə Zəngəzur dəhlizi ilə bağlı razılığa gəlməyə çalışır. Bu səbəbdən də o, Ruben Vardanyan məsələsində heç bir riskə getmək istəmir.
“Paşinyan anlayır ki, belə bir müraciət Azərbaycanın ciddi etirazına səbəb ola və hazırda ABŞ vasitəçiliyi ilə aparılan sülh prosesi üçün təhlükə yarada bilər. Ermənistan hökuməti artıq Qarabağ mövzusunu bağlamaq və rusiyayönlü fiqurların müdafiəsindən imtina etmək siyasətinə üstünlük verir. Bu hadisə həm də ABŞ-dakı erməni diasporasının Ermənistan siyasətinə təsir imkanlarının zəiflədiyini göstərir”, — deyə Əhməd Şahidov vurğulayıb.
Siyasi şərhçi əlavə edib ki, Paşinyanın Brüssel və Paris səfərləri də təsadüfi deyil. Avropa İttifaqı son proseslərdən narahatdır və Paşinyanı hesabat verməyə çağırıb. “Hazırda regionda əsas təşəbbüs ABŞ Prezidentinin əlindədir və Zəngəzur dəhlizi razılaşmasının yaxın aylarda əldə olunacağı gözlənilir. Ermənistan isə bu prosesdə Qərbin dəstəyini itirməmək üçün Rusiya təsirindən qurtulmaq planını sona çatdırmağa çalışır,” — deyə Əhməd Şahidov Vaşinqtondan bildirib.




