“PKK-nın silahı yerə qoyması Yaxın Şərqdə yeni güc balansı yaradacaq” – Əhməd Şahidov Vaşinqtondan ARB24 kanalına danışıb


PKK terror təşkilatının silahı yerə qoyması ilə bağlı yayılan məlumatlar Yaxın Şərqdə və regionda ciddi rezonansa səbəb olub. Mövzu ilə bağlı Vaşinqtondan ARB24 Televiziyasına açıqlama verən siyasi şərhçi bildirib ki, bu proses Türkiyə üçün təkcə təhlükəsizlik məsələsi deyil, həm də regional təsir imkanlarını genişləndirən strateji uğurdur.

Əhməd Şahidovun sözlərinə görə, 40 ilə yaxın davam edən bu qarşıdurma regionda ciddi insan tələfatına və iqtisadi itkilərə səbəb olub: “Hazırkı şəraitdə PKK-nın silahı yerə qoyması Yaxın Şərqdə yeni geopolitik balans yaradacaq. Bu, xüsusilə Türkiyənin İraq və Suriyada mövqeyini daha da gücləndirəcək. Eyni zamanda, İran və ABŞ kimi oyunçuların bu prosesə reaksiyası da maraq doğurur.”

Siyasi şərhçi onu da qeyd edib ki, PKK-nın təkcə hərbi deyil, siyasi dayaqları da zəifləyir: “Əgər bu proses baş tutarsa, Türkiyə daxilində sabitlik və iqtisadi inkişaf üçün yeni imkanlar açılacaq, regionda terror təhlükəsi əhəmiyyətli dərəcədə azalacaq.”

Əhməd Şahidovun sözlərinə görə, yaxın həftələr və aylar prosesin hansı istiqamətdə inkişaf edəcəyini müəyyən edəcək.