Ermənistanda seçki öncəsi siyasi gərginlik pik həddə çatıb. Müxalifətin küçə aksiyaları, fəalların və jurnalistlərin həbsi, daxili toqquşmalar ölkədə vəziyyəti daha da ağırlaşdırır. Rəsmi İrəvanın bu böhranı necə idarə edəcəyi və proseslərin Azərbaycan-Ermənistan sülh danışıqlarına təsiri region və beynəlxalq ictimaiyyət tərəfindən diqqətlə izlənir.
Məhz bu mövzu ətrafında siyasi şərhçi Əhməd Şahidov bu gün Vaşinqtondan Baku TV-yə müsahibə verib. O, müsahibəsində Ermənistandakı hazırkı siyasi vəziyyəti təhlil edərək bildirib ki, ölkə daxilində baş verən qarşıdurmalar Ermənistan hökumətinin qərarvermə mexanizmini zəiflədir və sülh prosesini ciddi şəkildə risk altına salır.
Əhməd Şahidov həmçinin qeyd edib ki, Ermənistan rəhbərliyi daxili təzyiqlərdən yayınmaq və mövqeyini qorumaq üçün regionda yeni təxribatlara cəhd göstərə bilər ki, bu da Azərbaycan-Ermənistan münasibətlərində vəziyyəti daha da gərginləşdirə bilər.
Siyasi şərhçi Əhməd Şahidov ABŞ və Avropa İttifaqının Ermənistandakı proseslərə münasibətinə də toxunaraq bildirib ki, Qərb dairələri İrəvana xəbərdarlıqlar göndərir və sülh danışıqlarının dayanmasının region üçün ağır nəticələr doğuracağını bəyan edirlər.

