“İran-İsrail arasındakı atəşkəs çox kövrəkdir” – Əhməd Şahidov Vaşinqtondan ARB24 Televiziyasına danışıb


Yaxın Şərqdə son illərin ən təhlükəli hərbi qarşıdurması başa çatıb. İran və İsrail arasında 12 gün davam edən müharibə regionda vəziyyəti gərginləşdirib, tərəflər arasında hərbi və mülki itkilərlə nəticələnib. Müharibə müddətində İranın nüvə obyektlərinə və hərbi infrastrukturlarına dəfələrlə hava zərbələri endirilib. İran isə raket və pilotsuz uçuş aparatları vasitəsilə İsrailin müxtəlif strateji obyektlərini hədəfə alıb. Rəsmi məlumatlara görə, qarşıdurma lokal xarakter daşıyıb və genişmiqyaslı insan tələfatı baş verməyib.

Beynəlxalq vasitəçilərin iştirakı ilə tərəflər arasında atəşkəs razılaşması əldə olunub. Hazırda regionda nisbi sakitlik hökm sürür. Lakin müşahidəçilər vəziyyətin hələ də kövrək olduğunu və istənilən an yenidən gərginləşə biləcəyini bildirirlər.

Mövzu ilə bağlı ARB24-ə Vaşinqtondan danışan siyasi şərhçi Əhməd Şahidov bildirib ki, hazırda ABŞ paytaxtında prosesləri yaxından izləyir və vəziyyətin buradan daha aydın göründüyünü qeyd edib. Onun sözlərinə görə, bu müharibə sadəcə İran və İsrail arasında deyil, həm də beynəlxalq güclərin maraqlarının toqquşduğu böyük geosiyasi qarşıdurmadır.

Əhməd Şahidov qeyd edib ki, Vaşinqtonda İranın nüvə potensialının məhv edilməsi ilə bağlı iki fərqli yanaşma var. Bir qrup hərbi əməliyyatların uğurla yekunlaşdığını bildirir, digər qrup isə hərbi əməliyyatların gərəksiz olduğunu, vəziyyətin diplomatiya yolu ilə tənzimlənməsini və danışıqların bərpa olunmasını vacib hesab edir.

ABŞ ictimaiyyətinin bu məsələyə münasibətindən danışan Əhməd Şahidov qeyd edib ki, amerikalılar Yaxın Şərqdə yeni genişmiqyaslı müharibənin əleyhinədir. CNN və Gallup-un keçirdiyi sorğuların nəticələrinə əsasən, ABŞ vətəndaşlarının əksəriyyəti belə bir münaqişənin ölkəyə ciddi sosial və iqtisadi təsirlər edəcəyindən narahatdır.

CNN və New York Times qəzetlərində də son günlər İranın bombalanması, ABŞ və İsrailin strateji planları, həmçinin əldə olunan atəşkəs barədə geniş məqalələr dərc olunub. Materiallarda müharibənin mümkün davamı, İranın nüvə proqramının gələcəyi və regionun siyasi mənzərəsi ətrafında ehtimallara yer verilib.

Əhməd Şahidov sonda bildirib ki, atəşkəs olduqca kövrəkdir və regionda sabitliyin tam bərpası üçün diplomatik danışıqların tezliklə bərpası, həmçinin beynəlxalq vasitəçilərin səylərinin gücləndirilməsi zəruridir.