“İsrail və ABŞ İrana qarşı strateji hədəflərinə çatdı” – Əhməd Şahidov Vaşinqtondan Baku TV`ə danışıb


Yaxın Şərqdə 12 gün davam edən İsrail-İran müharibəsi atəşkəslə yekunlaşıb. Regional və qlobal ictimaiyyətin diqqətində olan bu qarşıdurma həm enerji təhlükəsizliyi, həm də beynəlxalq münasibətlər üçün ciddi əhəmiyyət daşıyır. Müharibənin nəticələri və tərəflər arasında əldə olunan razılaşmanın davamlı olub-olmayacağı ilə bağlı siyasi şərhçi Əhməd Şahidov Vaşinqtondan canlı bağlantı ilə Baku TV-yə müsahibə verib.

Əhməd Şahidov bildirib ki, İsrail və ABŞ uzun müddət arzuladığı əsas hədəfə nail olub. İranın nüvə araşdırmaları sıradan çıxarılıb və ölkənin yaxın 50 ildə nüvə silahı hazırlamaq potensialı yoxdur. Bu, həm İsrailin, həm də ABŞ-ın regiondakı əsas tələblərindən biri olub.

O əlavə edib ki, indiki mərhələdə İrana qarşı hərbi əməliyyatların davam etdirilməsi ciddi risklər yarada bilərdi. Bu, təkcə region üçün yox, qlobal enerji bazarı və təhlükəsizlik üçün də ağır nəticələr doğura bilərdi. Məhz buna görə atəşkəs hər iki tərəf üçün məqbul seçimə çevrilib.

Bununla belə, Əhməd Şahidov atəşkəsin olduqca həssas və kövrək olduğunu vurğulayıb. İranın Hörmüz boğazını bağlamaq ehtimalının bölgədə yeni və daha geniş müharibəyə səbəb ola biləcəyini qeyd edib. O, tərəflər arasında qarşılıqlı inamın və nəzarət mexanizmlərinin gücləndirilməsinin vacibliyini xüsusi vurğulayıb.

Siyasi şərhçi deyib ki, qarşıdakı həftələr regionun taleyini müəyyənləşdirəcək və atəşkəsin dayanıqlığı bu dövrdə ortaya çıxacaq.