Bu gün Vaşinqtondan yayımlanan məlumat dünya ictimaiyyətində ciddi narahatlıq yaradıb. ABŞ Prezidenti Donald Trampın İrandakı nüvə mərkəzlərinə ağır bombalarla hava zərbəsi endirmək qərarı Yaxın Şərqdə vəziyyəti gərginləşdirib. Bu addımla ABŞ faktiki olaraq İrana qarşı müharibəyə qoşulub. Məsələ dünya siyasətində böyük rezonans doğurub və müxtəlif ölkələr, eləcə də ABŞ daxilində kəskin reaksiyalarla qarşılanıb.
Mövzu ilə bağlı Vaşinqtondan birbaşa canlı bağlantı ilə ARB24 Televiziyasına danışan siyasi şərhçi Əhməd Şahidov bildirib ki, Tramp administrasiyası bu qərarla İranın nüvə proqramını dayandırmaq və bölgədə ABŞ-ın mövqelərini gücləndirmək istəyir. Əhməd Şahidovun sözlərinə görə, hazırda ABŞ-da Demokratlar bu qərarın əleyhinə çıxış edir və ölkə daxilində cəmiyyət də bu məsələdə parçalanıb.
“ABŞ cəmiyyətində fikirlər iki yerə bölünüb. Respublikaçılar Trampın qərarını dəstəkləyərək bunun ABŞ-ın milli maraqları üçün vacib olduğunu bildirirlər. Demokratlar isə bu addımın regionda müharibə riskini artırdığını və Yaxın Şərqdə genişmiqyaslı toqquşmalara səbəb ola biləcəyini deyirlər”, – deyə Əhməd Şahidov vurğulayıb.
Canlı bağlantıda digər mühüm məqamlara da toxunulub. Əhməd Şahidovun sözlərinə görə, ABŞ-ın bu zərbələrinə qarşı İranın cavab addımları gözlənilir. Ən real ehtimallardan biri kimi isə İranın Hörmüz boğazını bağlaması qeyd edilib. “Hörmüz boğazı dünya neft daşımalarının təxminən 30 faizinin keçdiyi strateji nöqtədir. Əgər İran bu boğazı bağlasa, dünya enerji bazarlarında qiymətlər kəskin artacaq və qlobal iqtisadi böhran ehtimalı yaranacaq”, – deyə siyasi şərhçi əlavə edib.
Əhməd Şahidov sonda bildirib ki, bu qərarın bölgədə müharibənin genişlənməsi ehtimalını artırdığı danılmazdır və növbəti günlərdə Yaxın Şərqdə vəziyyət daha da gərginləşə bilər.




