“ABŞ İrana qarşı əməliyyata başlaya bilər: İsrail dəstək gözləyir” – Əhməd Şahidov ARB24 kanalına danışıb


Yaxın Şərqdə İsrail və İran arasında müharibə artıq bir həftədir davam edir. Münaqişə əsasən raket və hava zərbələri formasında aparılır. Hər iki tərəf qarşılıqlı olaraq ballistik raketlər, pilotsuz uçuş aparatları və hava hücumları vasitəsilə bir-birinin hərbi və mülki infrastrukturunu hədəfə alır. Son məlumatlara görə, İran raketləri İsrailin cənubundakı Soroka xəstəxanasını vurub, nəticədə onlarla insan yaralanıb. İsrail isə cavab olaraq Tehranın yaxınlığındakı Arak ağır su reaktoru və digər strateji obyektlərə hava zərbələri endirib.

Müharibənin daha da genişlənəcəyi ehtimalı artır. Xüsusilə ABŞ-ın prosesə birbaşa hərbi müdaxilə ehtimalı beynəlxalq mediada və siyasi dairələrdə ciddi şəkildə müzakirə olunur. Vaşinqtonun İsrailə strateji dəstək verməsi və “bunker buster” tipli bombalarla təmin etməsi artıq reallaşıb. ABŞ-ın birbaşa hərbi əməliyyatlara qoşulması isə bölgədə vəziyyəti tamamilə dəyişə bilər.

Bu məsələ bu gün ARB24 Televiziyasının “Gündəm” verilişində də geniş müzakirə olunub. Verilişin qonağı siyasi şərhçi Əhməd Şahidov bildirib ki, İsrail-İran müharibəsi faktiki olaraq genişmiqyaslı raket və hava zərbələri müharibəsinə çevrilib və bu qarşıdurma region üçün ən böyük təhlükəyə çevrilib. Onun sözlərinə görə, ABŞ-ın bu müharibəyə daxil olması artıq real görünür və belə olarsa, İran üçün vəziyyət daha da çətinləşəcək.

Əhməd Şahidov əlavə edib ki, Rusiya, Çin və Türkiyə bu müharibəyə münasibətdə hələlik ehtiyatlı mövqe sərgiləyir, lakin münaqişənin miqyası genişləndikcə bu dövlətlər də öz mövqelərini açıq şəkildə ortaya qoymaq məcburiyyətində qalacaqlar. İran isə hazırda beynəlxalq arenada siyasi və strateji təcriddədir.

Verilişdə müharibənin mümkün ssenariləri də dəyərləndirilib. Əhməd Şahidov qeyd edib ki, əgər İsrail-İran müharibəsi davam edərsə və eyni vaxtda Ukrayna-Rusiya müharibəsi də intensivləşərsə, bu, dünya üçün iki cəbhəli təhlükə yaradacaq və qlobal sabitliyə ciddi təsir edəcək.

Azərbaycanın mövqeyinə toxunan siyasi şərhçi bildirib ki, Bakı hazırda balanslı siyasət yürütməyə çalışır və regionda sabitliyin qorunmasında maraqlıdır. Onun sözlərinə görə, Azərbaycan neytral və ağıllı diplomatiya ilə həm öz milli maraqlarını qoruyur, həm də regional balansı təmin etməyə səy göstərir.