“İsrailin qəfil hücumu BMT Nizamnaməsinə ziddir və İranın özünümüdafiə haqqı var” – Əhməd Şahidov Baku TV`ə danışıb


Son günlərdə Yaxın Şərqdə baş verən hərbi toqquşmalar və İsrailin İran ərazisinə endirdiyi hava zərbələri beynəlxalq ictimaiyyətin və hüquq mütəxəssislərinin diqqət mərkəzindədir. Hücumun beynəlxalq hüququn prinsiplərinə uyğun olub-olmaması ilə bağlı müxtəlif fikirlər səsləndirilir. Xüsusilə də bu hadisənin BMT Nizamnaməsi çərçivəsində qiymətləndirilməsi müzakirə mövzusuna çevrilib.

Məsələ ilə bağlı hüquq müdafiəçisi Əhməd Şahidov Baku TV-yə açıqlama verib. O bildirib ki, İsrailin İrana qarşı həyata keçirdiyi hərbi əməliyyat BMT Nizamnaməsinin 2(4)-cü maddəsinin tələblərinə ziddir. Həmin maddəyə əsasən, dövlətlər beynəlxalq münasibətlərdə güc tətbiq etməkdən və ya hədə-qorxu gəlməkdən çəkinməlidir.

Əhməd Şahidov qeyd edib ki, BMT Nizamnaməsinin 51-ci maddəsi yalnız silahlı hücum baş verdiyi halda özünümüdafiəyə icazə verir. Lakin İsrailin bu hücumunun real və ani təhlükə olmadığı üçün beynəlxalq hüquq baxımından qanunsuz sayıldığını vurğulayıb.

Hüquq müdafiəçisi həmçinin BMT Təhlükəsizlik Şurasının strukturuna toxunub. O bildirib ki, bu qurumun 5 daimi üzvünün heç biri müsəlman ölkəsi deyil və bu vəziyyətin illərdir davam etməsini ədalətsiz yanaşma kimi qiymətləndirib.

Açıqlamasında Əhməd Şahidov xüsusilə Pakistanın BMT Təhlükəsizlik Şurasına daimi üzv olması məsələsinə toxunaraq deyib: “Dünyada 50-dən çox müsəlman ölkəsi var və onların BMT Təhlükəsizlik Şurasında təmsil olunmaması ədalətsizlikdir. Təbii ki, Türkiyənin də bu qurumda olması arzuolunandır. Ancaq real potensial və nüvə silahına malik dövlət kimi Pakistanın Təhlükəsizlik Şurasında daimi yer alması daha məqsədəuyğundur.”

Əhməd Şahidov hesab edir ki, dünya siyasətində mövcud olan bu qeyri-bərabərlik qlobal ədalətsizliyə yol açır və bu cür qərarların qəbulunda daha balanslı və hərtərəfli yanaşmaya ehtiyac var.