Bu gün İsrail ordusu İran ərazisinə hava hücumları həyata keçirib. Yerli və beynəlxalq mediada yayılan məlumatlara görə, hücumlar bir neçə hərbi obyektə və strateji mövqelərə yönəlib. Hadisə bölgədə gərginliyi daha da artırıb. İran rəhbərliyi İsrailin bu hərəkətinə sərt cavab veriləcəyini bəyan edib və mümkün hərbi və diplomatik tədbirlər planı üzərində işlədiklərini açıqlayıb.
Məsələ ilə bağlı Real Televiziyasının “Real İntervyu” verilişinin qonağı olan siyasi şərhçi Əhməd Şahidov geniş şərh verib. O, İsrail-İran qarşıdurmasının daha da dərinləşəcəyini və bunun Yaxın Şərqdə yeni silahlı münaqişələrə yol aça biləcəyini bildirib. Əhməd Şahidov qeyd edib ki, bu tip hücumlar və cavab tədbirləri təkcə Yaxın Şərq regionuna deyil, həm də Cənubi Qafqaza təsirsiz ötüşməyəcək.
Əhməd Şahidovun sözlərinə görə, bölgədə yaranan hərbi-siyasi vəziyyət Azərbaycana da müəyyən təhlükələr yarada bilər. Xüsusən də İranın sərhədyanı bölgələrdə hərbi aktivliyinin artması və İsrailin regional dəstək axtarışı Cənubi Qafqazda vəziyyəti gərginləşdirə bilər. Siyasi şərhçi bildirib ki, Azərbaycan bu proseslərdə neytrallığını və təhlükəsizliyini təmin etməli, hər iki tərəflə münasibətləri balanslı şəkildə qorumağa çalışmalıdır.
Əhməd Şahidov, həmçinin qeyd edib ki, İsrail-İran qarşıdurması enerji təhlükəsizliyinə, kommunikasiya xətlərinə və bölgənin iqtisadi sabitliyinə də təsir göstərə bilər. Onun fikrincə, Azərbaycan bu dönəmdə regiondakı riskləri diqqətlə izləməli və milli maraqlarını ön planda saxlamalıdır.





