İsrailin İrana hücum ehtimalı və Cənubi Qafqaz üçün təhlükələr — Əhməd Şahidov ARB24 kanalına şərh edib


Son günlər İsrail və İran arasında artan hərbi-siyasi gərginlik dünya gündəminin əsas mövzularından birinə çevrilib. İranın nüvə proqramını sürətləndirməsi və uranın yüksək səviyyədə zənginləşdirilməsi İsrail tərəfindən ciddi təhlükə kimi qiymətləndirilir. Rəsmi Təl-Əviv artıq ehtimal olunan preventiv zərbələrə hazırlaşdığını gizlətmir. Bu isə yalnız iki ölkə arasında lokal qarşıdurma deyil, bütövlükdə Yaxın Şərq və ətraf region üçün genişmiqyaslı təhlükə riski yaradır. Xüsusilə Fars körfəzi, Orta Şərqdə ABŞ-ın hərbi mövcudluğu, Livan, Suriya və Yəməndə İranın müttəfiq qruplarının hərəkətlənməsi regional eskalasiyanı qaçılmaz edir.

Mövzunun regional təsirləri ilə bağlı ARB24 televiziyasının “Nə baş verir?” proqramında çıxış edən siyasi şərhçi Əhməd Şahidov bildirib ki, İsrail-İran qarşıdurması Cənubi Qafqaz üçün də təhlükəsizliyə təsir edə bilər. Onun sözlərinə görə, mümkün müharibə ssenarisində sərhəd bölgələrində gərginlik, enerji və nəqliyyat dəhlizlərinin təhlükə altına düşməsi ehtimalı yüksəlir.

Əhməd Şahidov vurğulayıb ki, belə bir vəziyyətdə Azərbaycan balanslı mövqe sərgiləməli, humanitar və iqtisadi riskləri də nəzərə almalıdır.