Rusiya Federasiyası Prezidentinin köməkçisi Vladimir Medinski 9 iyun tarixində Russia Today kanalına verdiyi müsahibəsində keçmiş Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı qalmaqallı açıqlama səsləndirib. O, Qarabağ bölgəsini “mübahisəli ərazi” kimi təqdim edib və bölgədəki vəziyyəti Rusiya-Ukrayna müharibəsi ilə müqayisə etməyə çalışıb.
Medinskinin bu fikirləri Azərbaycanda ciddi narazılıqla qarşılanıb. Azərbaycan Xarici İşlər Nazirliyi məsələ ilə bağlı açıqlama yayaraq bildirib ki, Qarabağ heç vaxt mübahisəli ərazi olmayıb və Rusiya özü də bu bölgəni Azərbaycanın ərazisi kimi tanıyıb. Nazirlik vurğulayıb ki, Azərbaycanın 2020-ci ildə 44 günlük Vətən müharibəsi və 2023-cü ildə keçirdiyi antiterror tədbirləri beynəlxalq hüquq normalarına uyğun olaraq ölkənin suveren ərazilərində həyata keçirilib. Azərbaycan XİN həmçinin qeyd edib ki, belə bir vəzifə tutan şəxs bu kimi tarixi və hüquqi həqiqətləri bilməli və dövlətlərarası münasibətlərə zərər vuracaq yanlış açıqlamalardan çəkinməlidir.
Məsələ ilə bağlı Baku TV-yə açıqlama verən siyasi şərhçi Əhməd Şahidov isə Medinskinin çıxışını Kreml rəhbərliyinin hazırkı siyasətinin davamı kimi dəyərləndirib. Onun sözlərinə görə, Rusiya tərəfi Ukraynaya qarşı işğalçılıq siyasətini dünyada pərdələmək, beynəlxalq ictimaiyyətin diqqətini yayındırmaq məqsədilə Qarabağ məsələsi ilə süni paralellər aparmağa çalışır.
“Azərbaycan heç vaxt başqa ölkənin ərazi bütövlüyünə təcavüz etməyib, öz suveren ərazilərində beynəlxalq hüquqa əsaslanaraq antiterror tədbirləri həyata keçirib. Qarabağ Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış ərazisidir və bu məsələ artıq həllini tapıb. Vladimir Medinskinin açıqlaması təkcə tarixi və hüquqi reallıqlara zidd deyil, eyni zamanda Rusiya ilə Azərbaycan arasında münasibətlərə də xələl gətirə biləcək məsuliyyətsiz mövqedir. Biz bu cür yanaşmaları qətiyyətlə rədd edirik və Rusiya rəsmilərindən daha həssas və diqqətli olmağı gözləyirik,” — deyə Əhməd Şahidov bildirib.
Siyasi şərhçi əlavə edib ki, Azərbaycan dövləti Qarabağ məsələsində prinsipial mövqeyini qoruyacaq və heç bir qüvvə bu məsələdə ölkənin qələbəsini və ərazi bütövlüyünü sual altına ala bilməz.