“Ermənistanda siyasi böhran regionda sülh prosesini təhlükə altına ata bilər” – Əhməd Şahidov ARB24 Televiziyasına danışıb


Ermənistanda son günlər siyasi vəziyyət daha da gərginləşib. Baş nazir Nikol Paşinyana qarşı impiçment təşəbbüsləri, keçmiş prezident Levon Ter-Petrosyanın Bütün Ermənilərin Katolikosu II Qareginə dəstək verməsi və siyasi dairələrdə artan qarşılıqlı ittihamlar ölkə daxilində ciddi qarşıdurma yaradıb. Bu proseslərin regionda sülh danışıqları və Azərbaycan-Ermənistan münasibətlərinə necə təsir göstərəcəyi isə indi hər kəsi maraqlandıran əsas mövzulardan birinə çevrilib.

Mövzunu ARB24 Televiziyasının “Gündəm” verilişində siyasi şərhçi Əhməd Şahidov da şərh edib. O bildirib ki, Ermənistanda gedən siyasi qarşıdurma və hakimiyyət uğrunda mübarizə regionda vəziyyəti daha da mürəkkəbləşdirə bilər. Onun sözlərinə görə, Paşinyanın impiçmenti ilə bağlı müxalifətin təşəbbüsü, eyni zamanda Ermənistanın dini rəhbərinin siyasətə qarışması və müxalifətlə yaxın təmaslara girməsi ölkədə siyasi sabitliyi tamamilə pozmaq təhlükəsi yaradır.

Əhməd Şahidov vurğulayıb ki, Ermənistan daxilindəki bu qarşıdurma Cənubi Qafqazda sülh danışıqlarının gedişinə də ciddi təsir edə bilər. O, Azərbaycanın danışıqların davam etdirilməsinin tərəfdarı olduğunu, lakin Ermənistanın daxili siyasi xaosu səbəbindən prosesin uzana biləcəyini bildirib. Siyasi şərhçi qeyd edib ki, bu vəziyyət yeni hərbi qarşıdurma ehtimalını da artırır və regionda riskləri böyüdür.

Verilişdə həmçinin Ermənistanın siyasi xəritəsi, müxalifətin planları, Paşinyanın mövqeyi və Ermənistan-Azərbaycan münasibətlərinin perspektivləri geniş şəkildə təhlil olunub. Əhməd Şahidov hesab edir ki, Ermənistan rəhbərliyi daxildəki böhranı həll etmədən sülh danışıqlarını uğurla davam etdirə bilməyəcək və bu, həm İrəvan, həm də region üçün ciddi təhlükə yaradır.