“Regionda sabitliyə ən böyük təhdid sülh müqaviləsinin gecikməsidir” – Əhməd Şahidov ARB24 kanalına danışıb

Ermənistan və Azərbaycan arasında 2020-ci ilin 44 günlük Vətən müharibəsindən sonra yaranan yeni reallıqlar fonunda sülh müqaviləsinin imzalanması məsələsi regionun əsas gündəm mövzularından biri olaraq qalır. Cənubi Qafqazda geosiyasi maraqların toqquşduğu bir vaxtda böyük güclərin — xüsusilə ABŞ, Rusiya və Avropa İttifaqının fəallığı müşahidə olunur. Sərhədlərin delimitasiyası və kommunikasiyaların açılması prosesinin davam etməsi fonunda bölgədə hərbi toqquşma ehtimalı və təhlükəsizlik riskləri hələ də aktuallığını saxlayır.

Bu məsələlər ətrafında “ARB24” kanalında yayımlanan “İşgüzar Səhər” verilişində siyasi şərhçi Əhməd Şahidov fikirlərini bölüşüb. Veriliş zamanı o bildirib ki, sülh müqaviləsinin imzalanmaması region üçün ciddi təhlükə yaradır və vəziyyətin gərgin qalmasına səbəb olur. Əhməd Şahidov qeyd edib ki, ABŞ-ın Cənubi Qafqazda artan maraqları və bu istiqamətdəki təşəbbüsləri Ermənistan və Azərbaycan üçün əlavə diplomatik çağırışlar meydana çıxarır.

Siyasi şərhçi Azərbaycanın xarici siyasətdə balanslı mövqeyini qoruduğunu, region ölkələri və böyük güclərlə münasibətləri ehtiyatla tənzimlədiyini də vurğulayıb. Onun sözlərinə görə, sülh müqaviləsi imzalanmadığı müddətdə sərhədyanı ərazilərdə hərbi toqquşma riski və revanşist qüvvələrin fəallaşma ehtimalı qalmaqdadır.

Verilişdə həmçinin Ermənistanın daxili siyasi vəziyyəti, revanşist qüvvələrin fəaliyyəti və bu faktorların sülh prosesinə təsiri mövzusu da geniş müzakirə edilib.