Yerkrapa silahlılarının hər hansı təxribatı Ermənistanın suverenliyini təhlükəyə atacaq – Əhməd Şahidov ARB24 kanalına danışıb


Cənubi Qafqazda yenidən gərginlik artır. Ermənistanın “Yerkrapa” adlı silahlı terror təşkilatının üzvləri son günlərdə Azərbaycanla şərti sərhəddə yerləşdirilib. Məlumata görə, terrorçuları daşıyan nəqliyyat vasitələrinin Ermənistan Müdafiə Nazirliyinə məxsus olması və mövqelərdə separatçı rejimin bayraqlarının dalğalanması bölgədə sülh və sabitliyə ciddi təhdid yaradır.

Mövzu ilə bağlı ARB24 Televiziyasına açıqlama verən siyasi şərhçi Əhməd Şahidov baş verənləri Ermənistanın yeni hərbi təxribatlara hazırlaşması kimi dəyərləndirib.

“Yerkrapa” silahlı qruplaşmasının sərhədə gətirilməsi Ermənistanın regionda yeni müharibəyə can atmasının açıq sübutudur. Əgər bu terrorçu dəstələr tərəfindən sərhəddə hər hansı təxribat törədilərsə, bu dəfə məsələ sadəcə sərhəd insidenti ilə yekunlaşmayacaq. Yerkrapa silahlılarının hər hansı təxribatı Ermənistanın suverenliyini təhlükəyə atacaq və Ermənistanın mövcudluğu sual altına düşə bilər”, – deyə Əhməd Şahidov bildirib.

Siyasi şərhçi əlavə edib ki, bu kimi təhlükəli addımlarla Ermənistan rəhbərliyi həm öz xalqını, həm də regionu yeni müharibə riskinə sürükləyir.